AZ

“Mükafatı qazanan onu “mal” olaraq almır” – Osman Gündüz

“Mükafatı qazanan onu “mal” olaraq almır, intellekti, bacarığı, onu yetişdirən və təmsil edən ölkəsi adından qazanır. Mükafata yalnız “mal” kimi yanaşmaq nə dərəcədə doğrudur?”.

KONKRET.az xəbər verir ki, bunu Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz sosial media hesabındakı paylaşımında qeyd edib.

O bildirib ki, Dövlət Gömrük Komitəsinin (DGK) cavabı ağlabatan deyil:

“DGK deyir ki, gömrük dəyəri olan istənilən bir mal üçün, onun beynəlxalq mükafat, yaxud hədiyyə olmasından asılı olmayaraq mövcud qanunvericiliyə görə gömrük rüsumu ödənilməlidir. Bizim də dediyimiz məhz həmin “mövcud qanunvericiliyin” təkmilləşdirilməsi ilə bağlıdır.

Axı hər hansı beynəlxalq yarışmada, təhsil, səhiyyə, mədəniyyət, idman, elm, rəqəmsal sahələrdə keçirilən nüfuzlu tədbirlərdə təqdim edilən mükafatın “mal” kimi dəyərləndirilməsindən savayı ölkəmiz üçün, onun qazanan şəxs və sahələrin inkişafı üçün əlavə dəyərdir. Mükafatı qazanan onu “mal” olaraq almır, intellekti, bacarığı, onu yetişdirən və təmsil edən ölkəsi adından qazanır. Mükafata yalnız “mal” kimi yanaşmaq nə dərəcədə doğrudur? DGK –nın açıqlamasında təəssüf ki, bu haqda bir kəlmə də yoxdur”.

O qeyd edib ki, islahat aparıldığı, süni intellekt və innovasiya tətbiq ediliyi bildirilən DGK-nın cavabı təxminən aşağıdakı kimi ola bilərdi:

“1. Həqiqətən də qeyd olunan problemlər var, bununla bağlı son illərdə çoxsaylı narazılıqlar və müraciətlər quruma daxil olub.

2. Lakin DGK-nın bu istiqamətdə araşdırmaları olub, beynəlxalq təcrübə öyrənilib, qurumun peşəkar komandası mükafatı hədiyyədən, hədiyyəni digər mallardan ayıran həllər və mexanizmlər hazırlayıblar. Testdən keçiriblər. Bunun maraqlı tərəflərlə birgə müzakirəsini planlayırıq.

3. Ümumiyyətlə mükafatların və hədiyyələrin gömrük tənzimlənməsin sadələşdirilməsilə bağlı təkliflərimiz hökumətə təqdim ediləcək”.

Xatırladaq ki, ötən gün beynəlxalq yarışmada qalib olan azərbaycanlı tələbənin öz mükafatını gömrükdə ödəniş etməklə əldə etdiyi ilə bağlı xəbərlər yayılmışdı.

Aygün Mirakif,

KONKRET.az

Seçilən
107
konkret.az

1Mənbələr