Bu ilin birinci yarısında Hacıqabul Sənaye Parkında 38 milyon manatlıq 1323 ədəd avtomobil, Neftçala Sənaye Məhəlləsində isə 3,2 milyon manatlıq 203 ədəd avtomobil satışı həyata keçirilib.
Bu barədə İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyi məlumat yayıb.
Bildirilib ki, avtomobil satışı ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 20 % artıb.
Sənaye zonalarında sözügedən dövrdə “Chevrolet”, “Isuzu”, “VGV”, “UAZ”, “Lada”, “Khazar” və s. markalı avtomobillər istehsal edilib.
Marqlıdır, Azərbaycanın istehsal etdiyi avtomobilləri kimlər alır? Dövlət qurumları tərəfindən bu avtomobillərə maraq var?
Məsələ ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov “Cebheinfo.az” açıqlamasında deyib ki, ölkəmizdə avtmobil istehsalı ildən-ilə artır:
“Əvvəlki illərlə müqayisədə bu il avtomobil istehsalı artıb. Bildirim ki, bu il 2 minə yaxın avtomobil istehsal olunub. Bu say 2025-çi ildə də artacaq. Növbəti illərdə isə təxminən 10, hətta 20 minədək avtomobil istehsalı nəzərdə tutulub”.
Ekspert qeyd edib ki, ölkəmizdə istehsal edilən avtomobilləri dövlət qurumları ilə yanaşı adi vətəndaşlar da alır:
“İstehsal olunan avtomobillər daha çox dövlət qurumları alsa da, bu maşınlara adi vətəndaşlar arasında maraq yüksəkdir. İstehsal olunmuş avtomobillərinin böyük bir hissəsi zavoddan çıxdığı anda satılır. Satış şərtlərinin əlçatan olması məhz avtomobillərin daha asan şəkildə satılmasına stimul verir”.
O qeyd edib ki, ölkəmizdə istehsal olunan avtomobillər keyfiyyət təminatı üzrə Avropa standartlarına cavab verir:
“Ölkəmizdə istehsal edilən avtomobillər həm ekoloji, həm də təhlükəsizlik baxımından təyin olunan bütün standartlara lazımı səviyyədə cavab verir. Hesab edirəm ki, gələcəkdə ölkəmizdə istehsal edilən avtomobillərə maraq daha da artacaq”.