Xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsinin sabiq sədri general-polkovnik Aydın Əliyevin keçmiş gəlini Rada Musayeva ailə ilə bağlı ağır ittihamlar səsləndirib.
Rada Musayevanın iddiasına əsasən, Aydın Əliyevin oğlu olan keçmiş həyat yoldaşı Orxan Əliyev atasının nüfuzundan istifadə edərək ondan aliment tələb edir. Qadın bildirib ki, icraçı ona hədə formasında zəng edərək 7200 manat gətirməyini tələb edib. Rada Musayeva əlavə edib ki, ikinci övladı 8 yaşına çatsa da (övladların biri atada, digəri isə anadadır), Orxan Əliyev ona heç bir maddi dəstək göstərməyib.
Mia.az-ın məlumatına əsasən, mövzu ilə bağlı Teleqraf.com-a danışan vəkil Babək Həmidov bildirir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin tələblərinə əsasən aliment öhdəliyi hər iki valideynin üzərindədir: “Həm atanın, həm ananın uşaqlara münasibətdə aliment öhdəliyi var. Hətta işin xüsusi hallarına görə aliment öhdəliyi baba və nənənin də üzərinə qoyula bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələbləri bundan ibarətdir. Nəticə etibarı ilə uşaqlar atanın yanında saxlanıldıqda valideynlərin uşaqlara münasibətdə bərabərhüquqlu olmaqlarını əsas götürüb, ata anadan aliment tələb edə bilər. Məhkəmə də qanunvericiliyin tələblərinə uyğun olaraq alimentlə bağlı tələbi əsaslı hesab edib, miqdarı müəyyən edə və ananın üzərinə aliment öhdəliyi qoya bilər”.
Vəkil bir uşağın atada, birinin anada qalması halında prosesin necə olduğunu izah edib:
“Artıq iki uşaq olduqda onlardan biri anada, biri atada saxlanıldıqda hər iki tərəfin qarşı tərəfə aliment hüququ yaranır. Bu halda məhkəmə iki qarşılıqlı dialoqda heç birini təmin etmir. Çünki nəticə etibarı ilə hər iki tərəf bir uşağın saxlanma xərclərin qarşılamaqla öhdəliyini yerinə yetirmiş sayılır.
Buna baxmayaraq, bu kimi tələb olduqda, yəni uşağın biri üçün aliment tələbi ortaya çıxdıqda məhkəmə aliment tələbi qoyulmuş valideyninin gəlirlərini nəzərə alıb, o biri tərəf üçün aliment tutulması barədə qərar qəbul edə bilər”.
Mia.az