Müəllimlər ucqar kəndlərdə yerləşən məktəblərdəki vakant yerlərə üstünlük vermirlər. Bununla bağlı, keçmiş təhsil naziri Misir Mərdanov saytımıza açıqlamasında öz dövründə mövcud olan dövlət proqramının yenidən yaradılmasını təklif edib. Lakin hazırda bu sahədə hər hansı bir proqramın qəbul olunması gündəmdə deyil.
Bəs müəllimləri ucqar yerlərdəki məktəblərə başqa hansı üsullarla cəlb etmək olar?
Bu barədə millət vəkili Ceyhun Məmmədov Redaktor.az-a açıqlamasında bidirdi ki, bu məsələni parlamentdə dəfələrlə qaldırıb.
Onun sözlərinə görə, əgər proses belə davam etsə, getdikcə Azərbaycanda heç kim müəllim olmaq istəməyəcək, çünki maaşlar çox aşağıdır:
"Orta məktəblərdə sertifikasiyadan sonra maaşlar yüksəkdir, amma bu gün bir acı həqiqət var ki, bəzi orta məktəb müəllimləri universitet müəllimlərindən iki dəfə artıq maaş alırlar. Bu məsələni parlamentdə birgə müzakirə edilərkən də qaldırmışam, elm və təhsil naziri Emin Əmrullayevə də demişəm, mətbuatda da dəfələrlə bildirmişəm. Bu gün müəllimlik Azərbaycan gənclərinin ən az üz tutduğu sahələrdən biridir. Kimlərsə bu peşəyə üz tutursa, özlərinin şəxsi təşəbbüs və maraqları ilə yönəlirlər. Ona görə də biz müəllimə elə bir maaş verməliyik ki, gənclərimiz onu seçsin".
Deputat vurğuladı ki, bölgələrə müəllimlərin təyinatı ilə bağlı xeyli problemlər var:
"Bir müəllim aldığı 700 manat maaşla həm kirayə pulu verməlidir, həm orada dolanmalıdır. Düşünürəm ki, bölgələrə, ucqar yerlərə göndərilən müəllimlər üçün elə güzəştlər olmalıdır ki, onlar həmin yerlərdə qalıb işləməyə razı olsunlar. Bunun yolu kimi müəllimə maaşdan əlavə kirayə pulunun verilməsi ola bilər. Hazırda bu, ciddi problemdir. Ucqar kəndə müəllim niyə getsin? Əgər müəllim burada da eyni maaşı alırsa, gedib orada niyə əziyyət çəkməlidir? Onlar üçün müəyyən əlavə vəsaitlər nəzərdə tutulmalıdır ki, həmin müəllimlər ucqar yerlərə gedə bilsinlər. Məsələn, müəllim gedib işləyəcək, ev, torpaq, yemək pulu heç biri verilməyəcək, əlavə xərcləri olacaq - bu, cəlbedici deyil.
Digər bir problem odur ki, bu gün MİQ yaxşı olsa da, rayonu Bakıya göndəririk, Bakını rayona göndərə bilmirik. Biz o istiqamətdə işləməliyik ki, müəllim həmin regionun özündən olsun. Nə üçün sovet dövründə belə problem yox idi, amma indi biz bu problemi yaşayırıq? Ona görə də bu sahədə çalışmaq lazımdır. Dünyada ən çətin və ən ağır peşələrdən biri müəllimlikdir. Müəllim səhərdən axşama kimi uşaqlarla məşğul olur. Ümumiyyətlə, müəllimin əlavə güzəştləri, dəstəyi olmalıdır. Bu gün Azərbaycan müəllimi dolanmaq üçün gah repetitorluqla məşğul olur, gah başqa işlərə yönəlir. Biz müəllimlərimizin ehtiyacını ən yüksək formada təmin etməliiyik ki, onlar rahat formada müəllim kimi fəalliyyətlərini davam etməyə razı olsunlar".
Millət vəkili sertifikasiyadan keçməyən müəllimlərin ucqar kəndlərdəki məktəblərə təyin edilməsi barədə müzakirələrə də cavab verdi:
"Mən bu fikirlə qəti razı deyiləm. Bölgələr cərimə meydançasıdır ki, az bal toplayanları ora göndərək? Bu yanaşma kökündən yanlışdır. Əgər qayda varsa, bu, ya hamıya şamil olunmalıdır, ya da heç kimə. Biz bir tərəfən bunu edib, digər tərəfdən deyirik ki, sən savadsız müəllimsən, imtahandan kəsilmisən, Bakıda işləmə, get rayonda işlə. Bu təklif hansı məntiqlə verilir? Bunun özündə ziddiyyət və paradoks var".
Sevinc İBRAHİMZADƏ