AZ

Həbsdəki erməni separatçıları ən sərt şəkildə cəzalandırılacaq

“Azərbaycanın Vətən müharibəsində qələbəsindən sonra işğaldan azad olunmuş ərazilərə səfəri zamanı cənab İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, Xocalıda, bütövlükdə Qarabağ və Şərqi Zəngəzurda əli azərbaycanlıların qanına batmış bütün canilər Azərbaycan ədalət mühakiməsinə təhvil veriləcək və onlar əməllərinə müvafiq olaraq ən sərt şəkildə cəzalanacaqlar”.
Bu fikirləri Musavat.com-a Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov deyib. Millət vəkili qeyd edib ki, bununla da Azərbaycan hərbi cinayətlərə hüquqi qiymətin verildiyini bir daha sübut etdi:
“Böyük Zəfərimizdən və möhtərəm Prezidentin bəyanatlarından 3 il keçməmiş antiterror tədbirlərindəki qələbəsindən sonra Azərbaycan əli soydaşlarımızın qanına batmış separatçı rejimin “lider”lərini yaxalayaraq aidiyyəti cinayət təqibi orqanlarına təhvil verməklə bu regionda heç bir cinayətin, o cümlədən hərbi cinayətlərin cəzasız qalmayacağını dünyaya göstərmiş oldu. Ötən dövr ərzində əsaslı şübhələrə istinad edərək saxlanılıb aidiyyəti orqanlara təhvil verilən separatçıların “lider”lərinin özlərinin etirafları və cinayətin əlamətlərini əks etdirən əməlləri törətmələrinə dair çoxsaylı təkzibedilməz dəlillərin olmasına baxmayaraq Azərbaycan Respublikasının cinayət təqibi orqanları bir daha həmin əməllərin cinayət olub-olmadığı, həmin şəxslərin isə törədilmiş əməllərə aidiyyətinin olub-olmadığını tam hərtərəfli araşdıraraq konkret qənaətlərə gəlmişlər. O cümlədən də Vardanyanla bağlı ibtidai istintaq yekunlaşaraq araşdırmalara məhkəmə istintaqı çərçivəsində davam ediləcək”.
Bəhruz Məhərrəmov xüsusilə qeyd edib ki, hərbi cinayətkarların mühakimə prosesi ədalətin təntənəsi kimi tarixə düşəcək:
“Azərbaycan Respublikası insan hüquqları anlayışına universal meyar kimi yanaşır və kimliyindən asılı olmayaraq hər kəsə münasibətdə cinayət təqibi bərabər əsaslarla və ayrı-seçkiliyə yol verilmədən, qanunçuluq rəhbər tutulmaqla ədalətli formada həyata keçirilir. Bu mənada, separatçıların mühakiməsi Azərbaycan Respublikasının qüdrətinin, Azərbaycan vətəndaşlarına qarşı cinayət törətmiş şəxslərə münasibətdə dövlət başçımızın barışmaz qətiyyətinin, habelə bütövlükdə regionda sülhə, sabitliyə, təhlükəsizliyə təhdid yaradan ünsürlərlə mübarizədə ölkəmizin mövqeyinin inikası olmaqla bərabər, həm də hüququn, ədalətin təntənəsi kimi tarixə düşəcək”.

Seçilən
94
1
arantv.az

4Mənbələr