Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Rusiyanın Vladivostok şəhərinə işgüzar səfəri davam edir.
Baş Prokurorluqdan verilən məlumata görə, sentyabrın 5-də nümayəndə heyəti Şərq İqtisadi Forumunun işində iştirak edib.
Rusiya Prezidenti Vladimir Putin Forum iştirakçılarını salamlayaraq tədbirin qlobal iqtisadi problemlərin həllinə öz töhfəsini verəcəyini və konstruktiv səmərəli dialoqa nümunə olacağını bildirib.
Daha sonra Kamran Əliyev «Россия 24» televiziya kanalına müsahibə verib.
Rusiya Baş Prokurorluğunun təşkilatçılığı ilə keçirilən biznes subyektlərinin hüquqlarının qorunmasına həsr olunmuş sessiyada çıxış edən Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi kursuna uyğun olaraq sahibkarlığın inkişafının dövlət siyasətinin əsas prioritetlərindən olduğu, aparılan islahatlar nəticəsində sahibkarlıq fəaliyyətinin qanunvericilik bazası və lazımi infrastrukturunun yaxşılaşdırıldığını qeyd edib.
30 illik erməni işğalından azad olunmuş ərazilərimizdə genişmiqyaslı yenidənqurma işlərinin aparıldığını qeyd edən Baş prokuror, ölkəmizdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına investisiyaların yatırılması üçün əlverişli biznes mühitinin yaradılmasından bəhs edib.
Həmçinin, Kamran Əliyev ölkəmizdə prokurorluq orqanlarında aparılan genişmiqyaslı islahatlar, həmçinin prokurorluğun müvafiq struktur qurumları tərəfindən sahibkarlıqla məşğul olan hüquqi və fiziki şəxslərin maraqlarının qorunması sahəsində fəaliyyətindən danışıb.
Baş prokuror cari ilin noyabrında dünyanın ən mötəbər beynəlxalq tədbiri olan COP29-un ölkəmizdə keçiriləcəyi barədə görüş iştirakçılarına məlumat verib.
Sessiya zamanı digər natiqlər çıxışlar edib, mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində Baş prokuror Taylandlı və Laoslu həmkarları ilə ikitərəfli görüşlər keçirib, əməkdaşlıq perspektivləri müzakirə edilib.
Nümayəndə heyətinin Rusiyaya işgüzar səfəri başa çatıb.
"Cebheinfo.az"