Yaşıllaşdırmada istifadə edilən oleandr bitkisinin ölümə səbəb olması barədə iddiaların əsası varmi?
Ölkəmizdə daha çox "söyüd gülü" kimi tanınan, "oleandr" və ya "zəqqum kolu" adlanan bitkiyə paytaxt Bakının və digər bölgələrimizin küçələrində çox tez-tez rast gəlinir.
Gözəl gülləri olan bu bitki Abşeron yarımadasının hava şəraitinə tam uyğunlaşmış bitki sayılır. Abşeronun quraq iqliminə, küləyə və istiyə davamlı olan, asan yetişdirilən bu kollar təkcə bizim ölkəmizdə deyil, həmçinin Avropada, o cümlədən kurort və istirahət məkanları ilə zəngin olan Fransa, Türkiyə, Yunanıstan, İspaniya, İtaliya və digər ölkələrdə geniş şəkildə əkilir.
Quraq iqlimə də davamlı olması bu bitkinin dekorativ yaşıllaşdırmada geniş istifadə edilməsinə səbəb olub. Onun güllərinin insanlar üçün təhlükəli, zəhərli olması barədə məlumatlara gəldikdə, bu günədək heç bir ölkədə oleandr gülündən ölüm hadisəsi qeydə alınmayıb. Artıq alimlər tərəfindən də sübut olunub ki, sözügedən gül yalnız yem kimi qəbul edildikdə ziyan verə bilər.