Fuad İbrahimov: “Əlbəttə ki, bu ölkənin infrastruktur baxımından investisiya yatırımlarında maraqlıyıq”
Azərbaycan Prezidenti İlham Əliyev İtaliyada işgüzar səfərdədir. Təbii ki, bu iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu göstərən daha bir faktdır ki, Prezident o ölkəyə səfər edib. Ümumiyyətlə, İtaliyanın Azərbaycanla ticari, iqtisadi və başqa sahələrdə əməkdaşlığı var. Bunlar öz yerində. Ancaq bir məsələ var.
Prezident bildirib ki, İtaliya da Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə dini abidələrin tikintisində və bərpasında, Zəfər muzeylərinin inşasında və dizaynında fəal şəkildə iştirak edir. Bu çox müsbət haldır.
Amma işğaldan azad olunmuş ərazilərin bərpasında daha böyük işlər görülməsinə ehtiyac var. İtaliya inkişaf etmiş dünya dövlətidir və onun daha böyük miqyasda investisiyalarına çox ciddi ehtiyac var. Məsələn, yolların təmir olunması, alternativ enerji müəssisələrinin yaradılması, su elektrik stansiyalarının tikintilməsi, kənd təsərrüfatının dirçəldilməsi, bu bölgələrdə aqrar sənaye komplekslərinin yaradılması kimi sahələrdə İtaliyanın çox böyük təcrübəsi və iqtisadi gücü var.
Nə üçün İtaliya bu istiqamətlərdə işğaldan azad edilmiş ərazilərdə özünü göstərməsin?
“Qeyd edilən sahələrdə İtaliyanın böyük təcrübəsi var və onun bu istiqamətlərdə də öz töhfəsini verməsi müsbət olardı”
İqtisadçı ekspert Fuad İbrahimov “Bakı-Xəbər”ə bildirdi ki, İtaliya bizim həcmə görə bir nömrəli ticarət partniyorumuzdur: “Kapital nöqteyi-nəzərindən deyirəm, bu ölkə bizim bir nömrəli ixrac partnyorumuzdur. Baxmayaraq ki, bu, neft məhsulları ilə bağlıdır. Ticarət dövriyyəsi üzrə də elə birinci yerdədir. Avropada, bütövlükdə dünyada iqtisadi cəhətdən inkişaf etmiş bir ölkə ilə bu münasibətlərin yaranması müsbət haldır. Bununla yanaşı onu qeyd edək ki, bizim strateji bağ layihələrimizdən olan TAP ana xəttii Adriatik dənizinin altı ilə keçərək İtaliya ərazisində də 8 kilometr də uzanaraq ordan bu ölkənin qazpaylayıcı şəbəkəsinə qoşulur. Yəni bu gün biz eyni zamanda bu ölkənin enerji təhlükəsizliyi proqramında, oradan dolayı yolla çıxış edərək Avropanın enerji təhlükəsizliyi proqramında iştirakımızı təmin edirik, İtaliya bunu təmin edən əsas ölkələrdən biri kimi qəbul olunur.
Bəli, çox doğru vurğulayırsınız, qeyd edilən sahələrdə İtaliyanın böyük təcrübəsi var və onun bu istiqamətlərdə də öz töhfəsini verməsi müsbət olardı. Yol infrastruktunun qurulmasında, əsasən də inşasında bu ölkə çox böyük təcrübəyə malikdir. Deyərdim ki, Avropada Almaniya və İtaliya yol infrastrukturu sistemində qabaqcıl ölkələrdir. Bu baxımdan da, əlbəttə ki, bu ölkənin infrastrutur baxımından investisiya yatırımlarında maraqlıyıq”-deyə F.İbrahimov bildirdi.
F.İbrahimovun sözlərinə görə, ümumiyyətlə, Azərbaycan ilk gündən dost-qardaş ölkələrə, 44 günlük müharibədə bizim haqlı mövqeyimizi dəstəkləyən dövlətlərə ilk növbədə investisiya proqramlarında iştirak etmək üçün şərait yaradıb. “Eyni zamanda nəzərə almaq lazımdır ki, Azərbaycanın özünün iqtisadi cəhətdən (mən maliyyə dayanıqlılığımızı, valyuta ehtiyatlarımızı nəzərdə tuturam-F.İ) kifayət qədər ehtiyatı olduğu üçün daxili imkanlardan daha çox istifadə edirik.
Məsələn, azad ərazilərdə mürəkkəb infrastrukturların yaradılması, tunellərin qazıntısı, tikintisi həyata keçirilir, orda çoxlu sayda tunellər tikirik və sair. İnvestisiyaların qoyulması məsələsində götür-qoy edirik, tarazlı siyasət irəli sürürük. Yəni biz bu gün qapını açıq qoysaq dünyanın bir çox ölkələri, bir çox şirkətləri Azərbaycanda fəaliyyət göstərmək istəyər. Amma biz bunu xüsusi seçimlə, yanaşma ilə edirik. Ancaq bilirsiz ki, İtaliya şirkətləri hazırda fəaliyyət göstərirlər. Düşünürəm ki, bunun da şaxələndirilməsinə hər hansı bir məhdudiyyət yoxdur. Sadəcə olaraq, Azərbaycanın əlverişli olması prizması daha önəmlidir. Bir məsələni də qeyd edim ki, dövlətin içində dövlət də olsa, Vatikan muzeylərində Azərbaycan da vaxtilə Heydər Əliyev Fondunun xətti ilə kifayət qədər iş görüb, bərpa işlərində iştirak edib, müəyyən yatırımlar edib. Yəni xoş dostluq münasibətləri göz önündədir. Düşünürəm ki, bu sahənin şaxələnməsində hər hansısa bir məhdudiyyət yoxdur. Sadəcə olaraq, fakt üzrə bunun şaxələnməsinin şahidi olacağıq”-deyə F.İbrahimov bildirdi.
İradə SARIYEVA