Portuqaliya yığmasının və “Benfika”nın mərkəz yarımmüdafiəçisi Joao Mario bundan sonra “Beşiktaş”ın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Türkiyə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
“Qara qartallar” 31 yaşlı futbolçunu bu mövsümün sonuna kimi icarəyə götürüblər. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb. Marionun yeni komandasında 18 nömrəli formanı geyinəcəyi diqqətə çatdırılıb.
Joao Mario “Portu” və “Sportinq”in yetirməsidir. “Vitoriya” (Setubal), “İnter” (Milan), “Vest Hem”, “Lokomotiv” (Moskva) kimi klublarda da forma geyinmiş yarımmüdafiəçi 2021-ci ildən “Benfika”da çıxış edirdi. O, bu komandanın heyətində 149 oyuna çıxıb, 36 qol və 26 məhsuldar ötürmə müəllifi olub.
2014-cü ildə Portuqaliya yığmasında debüt etmiş Mario, 56 oyunda 3 qol vurub, 12 assistlə yadda qalıb.
“Beşiktaş” öz yarımmüdafiəçilərindən Demir Ege Tıknazı da Portuqaliyanın “Rio Ave” klubuna icarəyə verib. 20 yaşlı futbolçu bu mövsümün sonunadək icarədə olacaq.
“Beşiktaş”ın yetirməsi olan Tıknaz bu klubun əsas komandasında 29 oyun keçirib. Türkiyəli futbolçu bu oyunlarda 2 məhsuldar ötürmə ilə yadda qalıb. O, Türkiyənin U-18, U-19 yığmalarında oynayıb, ötən ildən isə U-21-ə dəvət alır.
Qambiyalı mərkəz müdafiəçisi Omar Kolli isə “Beşiktaş”dan birdəfəlik ayrılaraq Yunanıstanın PAOK klubuna keçib. 31 yaşlı futbolçu yeni klubu ilə 1+1 illik müqavilə bağlayıb.
Karyerası ərzində “Uollidan”, “Real Banjul”, “KuPS”, “Yurqorden”, “Genk”, “Sampdoriya” kimi klublarda da oynamış Omar, 2023-cü ilin fevral ayından “Beşiktaş”ın uğurları üçün çalışırdı. O, İstanbul klubunun heyətində meydana çıxdığı 46 oyunda 8 qol da vurub.
Kolli kapitanı olduğu, 2012-ci ilin dekabrında debüt etdiyi Qambiya yığmasında 51 oyun keçirib, 1 qol və 1 assistlə yadda qalıb.