AZ

Rus ordusu Zəngəzura girir: Bölgədə durum dəyişir

Ana Vətən Partiyasının sədri, VI çağırış Milli Məclisin deputatı Fəzail Ağamalı Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- İranın Zəngəzur dəhlizi ilə bağlı əsas narahatlığı nədən ibarətdir? Rusiyanın dəhlizlə bağlı açıq mövqeyinə rəsmi Tehranın əks arqumenti prosesi hansı istiqamətə apara bilər?

- Zəngəzur dəhlizi ətrafında vəziyyət getdikcə gərginləşir. Hadisələrin gedişi də bunu göstərir. Artıq dairə daralmaqdadır. Qərb Zəngəzur dəhlizinin açılmasında maraqlarını ortaya qoyur. Burada da ikiqütblü yanaşma var. Fransa və ABŞ ayrılıqda prosesə öz marağı ilə yanaşır. Əsas rolu isə Amerika oynayır. Zəngəzur dəhlizində ABŞ-ın artıq hərbi mütəxəssisləri yerləşib. O hərbçilərin ərazidə nə işlə məşğul olduğu da bəlli deyil. Amma Ağ Ev bu müstəvidə Ermənistanın mövqeyini müdafiə edir. Rusiya isə son vaxtlar fəallaşmağa başlayıb. Ötən ayın 2-də iki ABŞ hərbi təyyarəsinin İrəvana eniş etməsi, Ermənistana gətirilən hərbi sursatlar, erməni əsilli hərbçilərin Zəngəzurda yerləşdirilməsi Moskvanı hərəkətə gətirib. Bu, Amerikanın Zəngəzurda proseslərə nəzarəti ələ almaq niyyəti ilə bağlıdır. Ona görə də, Kreml bu istiqamətdə fəallığını artırmağa başladı.

- Türkiyənin Zəngəzur dəhlizi ilə bağlı əsas niyyəti nədən ibarətdir?

- Faktiki olaraq bu gün Zəngəzur ətrafında Türkiyə, Azərbaycan, Rusiya bir mövqedən çıxış edir. Hər üç ölkənin maraqları bu məsələdə üst-üstə düşür. Azərbaycan 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli bəyanatın 9-cu bəndinə sadiqdir. Rusiya da bu müddəanın icrasına sadiq olduğunu bəyan edir. Bu kontekstdə Bakı ilə Moskva arasında hər hansı problem yoxdur. Türkiyə də Qərbin iştirakı olmadan Zəngəzur dəhlizinin Azərbayanın maraqlarına uyğun şəkildə açılmasında israrlıdır. Türkiyənin bu dəhliz vasitəsi ilə Orta Asiya türk dövlətləri ilə coğrafi bağlantısı yaranır.

- İran dəhlizlə bağlı niyə bu qədər narahatlıq yaşayır?

- Rəsmi Tehran bu məsələdə fərqli mövqe sərgiləyir. İran Qərbə qarşı sərt ritorika sərgiləsə də Zəngəzur dəhlizi məsələsində Ermənistanın maraqları kontekstindən çıxış edir. Bu da əslində Qərbin maraqlarına xidmət edən bir mövqedir. Yəni hazırda İranın sərgilədiyi mövqe Rusiya ilə ziddiyyət təşkil edir. Bu da uzun müddət müttəfiq olan Rusiya-İran münasibətlərində ciddi çatlar yaradır.

- Məsələnin həlli diplomatik müstəvidə baş tutmasa, alternativ variantlardan istifadə edilə bilərmi?

- Belə bir halın baş verməsi mümkündür. Tərəflər arasında pərdəarxasında gedən mübarizə açıq müstəviyə, hətta hərbi toqquşmaya qədər gedib çıxa bilər. Rusiya günün birində Ermənistanla razılaşmadan, ABŞ və Fransanın mövqeyini nəzərə almadan hərbi kontingentini Zəngəzur dəhlizinə yeridə bilər. Bu, gözlənilən bir haldır. Çünki bunun ilkin elementləri də görünməkdədir.

- Zəngəzur və bölgə uğrunda üçüncü qüvvələrin gərgin mübarizəsi fonunda Azərbaycanın mövqeyi necə olacaq?

- Azərbaycanın hazırkı mövqeyi unikaldır. Bakı Zəngəzur uğrunda Rusiya-ABŞ-İran üçbucağının içərisində yer almır. Bu da Azərbaycanın maraqlarına uyğun yanaşmadır. Ölkəmiz hər hansı bir qarşıdurmada iştirak etmir. Rusiya və ABŞ-ın mövqeyinə Bakının münasibəti yoxdur. İranın isə yanaşmalarına reaksiya verilmir. Əksinə İran ərazisindən Naxçıvana gedən yolların fəalliyyəti üçün razılaşmalar var. Ona görə də, bölgə uğrunda mübarizə aparan tərəflərin toqquşmasından Azərbaycan bəhrələnəcək.


Müəllif: Tapdıq Qurbanlı
Seçilən
104
1
teleqraf.com

2Mənbələr