AZ

Şəki teatrı yeni mövsümü “Sən həmişə mənimləsən...Boy çiçəyi” tamaşası ilə açacaq

Şəki

Şəki, 6 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

Şəki Dövlət Dram Teatrı sentyabrın 14-nə təyin edilən yeni mövsümün açılış günündə teatrsevərlərə Xalq yazıçısı İlyas Əfəndiyevin məşhur əsəri əsasında səhnələşdirilmiş “Sən həmişə mənimləsən...Boy çiçəyi” (iki hissəli lirik-psixoloji tənhalıq dramı) tamaşasını təqdim edəcək. Tamaşa yazıçının anadan olmasının 110 illiyinə həsr olunub.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə teatrın ədəbi dram hissəsinin rəhbəri Lalə Məmmədova məlumat verib.

Tamaşanın quruluşçu rejissoru Elvin Nuri, quruluşçu rəssamı Sahib Əhmədov, geyim üzrə rəssamı Günay Hidayətova, musiqi tərtibatçısı Zeynəb Xəlilovadır.

Tamaşada rolları Əməkdar artist Rəhim Qocayev, aktyorlar Aytac İsmayılzadə, Lalə Məmməd, Xəyal Salahov və Nərmin Abbasova ifa edirlər.

Teatrın rəsmisi bildirib ki, bu sənət ocağında, eyni zamanda, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, dramaturq Altay Məmmədovun “Ulduzlar görüşəndə” əsəri əsasında səhnələşdiriləcək tamaşanın masaarxası məşqlərinə də başlanılıb. Tamaşanın quruluşçu rejissoru Hüseyn Hüseynli, quruluşçu rəssamı Sahib Əhmədov, baletmeysteri Elvin Nuri, musiqi tərtibatçısı Zeynəb Xəlilovadır. Tamaşada rolları Əməkdar artistlər Xanlar Həşimzadə, Rəhim Qocayev, aktyorlar Xəyal Salahov, Elvin Mabudov, Rəsul Məmmədrəhimov, Fərahim Fətəliyev, Nərmin Abbasova, İlkin Rüstəmov, Pərviz İsmayılov, Rəşad Rüstəmov, Rəşid Mirizadə, Qurban Rəsulov, Azad Məmmədov və başqaları ifa edəcəklər.

Lalə Məmmədova bildirib ki, məktəblərdə payız tətili günlərində Şəki Dövlət Dram Teatrında məktəblilərə “Ulduzlar görüşəndə“ tamaşası nümayiş etdiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
azertag.az

1Mənbələr