“Ölkədə il ərzində qoyun ətinin qiymətində artım müşahidə edilib. Buna səbəb qoyunların sayındakı ciddi azalmadır. Qoyunçuluqla məşğul olanların sayı da azalıb. 9-10 il bundan əvvə ölkədə 8,8 milyon baş qoyun saxlanılırdısa, indi bu say 7,7 milyon başa düşüb. Təxminən 15 faiz azalma var. Digər səbəb qoyunların saxlanılması ilə bağlı xərclərin artmasıdır. Çünki yem və dərmanların qiyməti yüksəlib. Bu kimi səbəblər qoyun ətinin bahlaşmasına gətirib çıxarır”.
Bu fikirləri Bakupost.az -a iqtisadçı ekspert Xalid Kərimli söyləyib.
O bildirib ki, ölkədə təbii otlaq sahələri də azalıb. Bunun əsas səbəbi torpaqların şoranlaşmasıdır. Bu da qoyunculuqla məşğul olanların xərcini artırır və bahalaşmaya səbəb olur.
Ekspert qeyd edib ki, payız aylarında qoyun ətinin qiymətində ucuzlaşma olmayacaq:
“Ola bilər 50 qəpik və ya 1 manat ucuzlaşma olsun, amma ciddi ucuzlaşma gözləmirəm. Qiymətlər bolluq olan zaman ucuzlaşır. Bunun üçün də ölkəyə diri qoyun idxalını artırmaq lazımdır. 2022-ci ildə 194 562 baş diri qoyun idxal edildiyi halda, 2023-cü ildə bu rəqəm 320 543 başa çatıb. Qoyun idxalı artırılmalıdır ki, məhsul bolluğu olsun və qiymətlər də ucuzlaşsın”.
Sevinc,
BakuPost