Bakı, 6 sentyabr, AZƏRTAC
İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Avropa üzrə regional direktoru İnes Roşa ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə ölkəmizdə aparılan iqtisadi islahatların beynəlxalq maliyyə qurumları tərəfindən dəstəkləndiyi vurğulanıb.
Qeyd olunub ki, Azərbaycanın IFC ilə əməkdaşlığının genişlənməsi, bu kontekstdə ölkəmizdə mütərəqqi təcrübə və yeniliklərin təşviqi önəm daşıyır.
Azərbaycanın sosial-iqtisadi inkişaf prioritetləri, əlverişli işgüzar mühiti, investorlar üçün yaradılan imkanlar barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, ölkəmizin iştirakçısı olduğu nəhəng layihələr regionda dayanıqlı inkişafa nail olunmasında önəmli faktora çevrilib. Həmçinin dövlət-özəl sektor tərəfdaşlığı üzrə layihələrin reallaşdırılması üçün böyük imkanlar var.
Tərəflər COP29, dövlət-özəl sektor tərəfdaşlığı, dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı layihəsi üzrə əməkdaşlıq və IFC-nin cəlb oluna biləcəyi potensial layihələr barədə müzakirə aparıblar.