ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü il seçkilərində yenidən seçiləcəyi təqdirdə texnologiya milyarderi İlon Maskı “israfı azaltmaq” üçün təyin edəcəyini açıqlayıb. Tramp Maskın təklif etdiyi planla trilyonlarla dollarlıq hökumət israfını aradan qaldırmağı hədəfləyir.
Turkustan.az xəbər verir ki, Nyu-Yorkda işgüzar görüşdə çıxış edən Tramp bəyan edib ki, Musk ikinci Tramp administrasiyasında federal hökumətin maliyyə və fəaliyyətinə nəzarətdən məsul olacaq.
“Bu komissiyanın ilk işi altı ay ərzində saxtakarlığın və yanlış ödənişlərin tamamilə aradan qaldırılması üçün fəaliyyət planı hazırlamaq olacaq”, - Tramp bildirib.
Tramp həmçinin ABŞ-ı kriptovalyuta mərkəzinə çevirməyi, idxal olunan məhsullara vergiləri artırmağı və Bayden administrasiyasının İqlim və İnflyasiya Qanununu ləğv etməyi vəd edib.
İlon Mask isə X sosial media platformasındakı paylaşımında: "Amerikaya xidmət etməyi səbirsizliklə gözləyirəm. Maaş, titul və ya təqdir gözləmirəm" dedi.
Görüşdə Tramp həmçinin F-35 qırıcılarının bütün hissələrinin ABŞ-da istehsal olunmasının vacibliyini vurğulayaraq, milli təhlükəsizlik məsələlərinə diqqət çəkib.
Eltac Zülfüqaroğlu/Turkustan.az