Bakı, 6 sentyabr, AZƏRTAC
Asiya İnkişaf Bankı (AİB) bu gün bildirib ki, 2030-cu ilə qədər illik kreditlərinin 50 faizini iqlim maliyyələşdirməsinə ayırmaq və onilliyin qalan hissəsi üçün əsas strategiya yeniləməsinin bir hissəsi kimi özəl sektor kapitalının səfərbər edilməsini artırmaq kimi yeni hədəfi təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, AİB-in məlumatına görə, yeni hədəf 2019-2030-cu illər arasında kumulyativ iqlim maliyyələşdirməsi üçün 100 milyard dollar ayrılmasını nəzərdə tutur. Bugünədək həmin məqsədlərə cəmi 30 milyard dollar ayrılıb.
AİB-in strategiya üzrə baş mütəxəssisi Tomoyuki Kimura “Reuters” agentliyinə deyib: “Biz regionun iqlim dəyişikliyi bankı olmaq istəyirik”. O əlavə edib ki, strategiyaya əsasən, 2030-cu ilin aralıq icmalı çərçivəsində AİB Asiyanın beş ən aktual inkişaf məsələsinə - iqlim dəyişikliyi, özəl sektorun sürətli inkişafı, səhiyyə, ictimai mallar üzrə əməkdaşlıq, rəqəmsal transformasiya və həssas qrupların davamlılığının yaradılmasına diqqət yetirəcək.