Azərbaycanda ilk dəfə olaraq bir çox media xidmətini bir arada təqdim edən "MediaServis" adlı internet platforması fəaliyyətə başlayıb.
Bu barədə Pravda.az-a platformanın rəhbəri jurnalist Elgün Mənsimov məlumat verib.
Onun sözlərinə görə, ölkə mediası üçün yeni olan bu platformada media sahəsinə aid xidmətlər peşəkar səviyyədə təqdim ediləcək. Xidmətlərlə tanış olmaq üçün www.mediaservis.az saytına daxil olmaq lazımdır. Sayt üç dildə - Azərbaycan, rus və ingilis dillərində yayımlanır.
E.Mənsimov qeyd edib ki, sifariş əsasında "MediaServis" tərəfindən istənilən mövzu və janrda məqalələr, reportajlar hazırlanır və redaktə olunmuş formada sifarişçiyə təqdim olunur. "MediaServis" xəbər, məqalə, elan və reklamların sayt və qəzetlərdə dərcini də təşkil edir. Bundan başqa, istənilən mövzuda olan məqalələrin ingilis, rus və fransız dillərinə tərcüməsi (eləcə də əksinə) edilir: "Bütün bunlar media sektorunda çalışan təcrübəli jurnalist və tərcüməçilər tərəfindən həyata keçirilir. Eyni zamanda, sifariş əsasında müxtəlif sahələr üzrə obyektlərə, idarə və müəssisələrə mediaturlar təşkil edilir, həmçinin jurnalistlərin konfranslarda, müxtəlif tədbirlərdə iştirakı təmin olunur. Tədbir və mərasimlərin peşəkar foto və videoçəkilişləri də bizim xidmət sahələrinə daxildir".
Platformanın rəhbəri bildirib ki, "MediaServis" xüsusən də kütləvi informasiya vasitələri (KİV) üçün bir özəllik təqdim edir. Belə ki, istənilən media obyektinin məsul şəxsləri www.mediaservis.az-a daxil olaraq “Xəbər al” bölməsində təqdim olunan özəl xəbərləri və araşdırma yazıları əldə edə və onu öz məhsulları kimi media resurslarında dərc edə bilərlər. Məhsulu alan şəxsə müəlliflik hüququ da verilir. Müəlliflik hüququ verilməyən məqalələrdə isə “MediaServis”ə istinad mütləqdir.
Həmçinin, bu sayt üzərindən jurnalistlər, eləcə də ayrı-ayrı şəxslər (istənilən vətəndaş) maddi gəlir əldə edə bilərlər. Belə ki, onlar özəl xəbər və araşdırma yazılarını www.mediaservis.az vasitəsilə sata biləcəklər. Təqdim edilən yazılar plagiat olmadan, maraqlı, gündəmə uyğun, eləcə də peşəkar yazılmalıdır. Bu yazılar ekspert qrupu tərəfindən dəyərləndirildikdən sonra saytın ana manşetində - "XƏBƏR AL" bölməsində bağlı formada yerləşdirilir. Həmin xəbər və ya məqalə öncədən müəyyən edilmiş məbləğə satıldığı təqdirdə bu məbləğin 90 faizi müəllifə təqdim olunur. Bu zaman anonimliyə tam zəmanət verilir.
E.Mənsimov əlavə edib ki, “MediaServis”in göstərdiyi xidmətlərlər bunlarla da bitmir. Platforma KİV-də monitorinq, konfrans və tədbirlərin təşkili, media hüquq məsləhətxanası kimi əlavə xidmətlər də təqdim edir.