Onlayn alış-veriş istifadəçilərə zaman məhdudiyyəti olmadan istənilən vaxt alış-veriş etmək imkanı verir. Xüsusən məşğul həyat tərzi olan insanlar üçün onlayn alış-veriş zaman və enerjiyə böyük qənaət deməkdir. "Trendyol", "Temu", "Alibaba" və s. kimi platformalar 24/7 fəaliyyət göstərir, bu isə istehlakçıların iş vaxtı bitdikdən sonra və hətta gecə saatlarında da alış-veriş etməyə imkan yaradır.
Bu platformalar yüz minlərlə fərqli satıcı ilə əməkdaşlıq edir və milyonlarla məhsul təklif edir. İstehlakçılar çox geniş məhsul seçimi ilə qarşılaşır. Əgər yerli bazarda tapılmayan bir məhsul varsa, bu kimi platformalar vasitəsilə qlobal bazara çıxış fürsəti verir. Bu xüsusiyyət isə sərhədləri aradan qaldıraraq beynəlxalq səviyyədə alış-veriş etməyə imkan yaradır.
Onlayn alış-veriş platformalarında rəqabət yüksək olduğundan qiymətlər çox vaxt ənənəvi mağazalara nisbətən daha aşağı olur. Xüsusən kampaniyalar və endirimlər onlayn alış-verişi daha cəlbedici edir. Trendyol və Temu kimi platformalar mütəmadi olaraq endirimli günlər və xüsusi təkliflər təqdim edir ki, bu da istehlakçılara əhəmiyyətli dərəcədə qənaət etməyə imkan yaradır. Onlayn platformalar həmçinin istifadəçilərə müxtəlif məhsullar və onların qiymətləri arasında asanlıqla müqayisə aparmaq imkanı da yaradır. İstehlakçılar eyni məhsulu müxtəlif satıcılardan qiymətlərlə yanaşı, keyfiyyətlərinə və reytinqlərinə əsaslanaraq müqayisə edə bilirlər. Müştəri rəyləri məhsulun keyfiyyəti və funksionallığı haqqında daha dəqiq təsəvvür yaradır, bu isə alıcıların daha məlumatlı seçim etməsinə kömək edir.
Onlayn alış-veriş xüsusən pandemiya dövründə insanların təhlükəsizliyini təmin etmək üçün önəmli vasitələrdən biri oldu. Fiziki mağazalara getmədən alış-veriş etmək sağlamlıq baxımından böyük üstünlük yaratdı. Belə ki, kontakt olmadan alış-veriş etmək bir çox insan üçün daha rahat və təhlükəsiz həll yolu oldu.
Bu alış-verişin ən böyük mənfi cəhətlərindən biri, məhsulu almadan əvvəl əyani şəkildə görməmək və toxunmamaqdır. Şəkillərdə məhsul mükəmməl görünə bilər, lakin real həyatda fərqli ola bilər. Məsələn, geyim və ayaqqabı məhsullarında ölçü və material fərqləri alıcının gözləntilərini qarşılaya bilməz. Bu isə nəticədə məhsulun qaytarılması zərurətini yaradır.
Onlayn alış-verişdə çatdırılma müddəti də hər zaman ideal olmaya bilər. Xüsusən beynəlxalq alış-verişlərdə, məhsulun çatdırılması həftələr və ya aylarla gecikə bilər. Bundan əlavə, bəzi hallarda alıcılar yanlış və ya zədələnmiş məhsullar ala bilərlər. Bu, həm alıcılar üçün məyusluq yaradır, həm də məhsulun geri qaytarılması prosesini çətinləşdirir. Həmçinin alış-veriş zamanı şəxsi məlumatların oğurlanması və ya hesab məlumatlarının sızması riski yüksəkdir. Bu platformalar yüksək təhlükəsizlik protokollarından istifadə etsələr də, kiber hücumlar və fişinq cəhdləri həmişə mümkündür. Alıcılar çox vaxt onlayn alış-veriş zamanı öz kart məlumatlarını paylaşdıqlarına görə maliyyə fırıldaqlarına məruz qala bilərlər.
Fiziki mağazalarda məhsulun dərhal qaytarılması mümkün olduğu halda, internet üzərindən alış-verişdə bu proses daha uzun və mürəkkəb ola bilər. Bəzi hallarda qaytarma prosedurları çətin və vaxtalıcı olur, xüsusən də beynəlxalq alış-verişlər zamanı. Alibaba kimi platformalardan alınan məhsulların geri göndərilməsi çətin və baha başa gələ bilər, bu isə alıcılar üçün böyük bir çətinlik yaradır.
Bununla yanaşı ənənəvi mağazalarda alış-veriş zamanı satıcıların məsləhətləri və köməyi ilə alış-veriş etmək mümkündür. Lakin onlayn platformalarda bu şəxsi xidmət yoxdur. Bəzən alıcılar məhsul seçimi edərkən məsləhətə və ya suallarına dərhal cavab almağa ehtiyac duyurlar. Onlayn platformalarda isə bu xidmət, canlı dəstək olsa da, hər zaman sürətli və təsirli olmaya bilər.
Onlayn alış-veriş platformaları böyük rahatlıq və seçim imkanı yaratsa da, müəyyən mənfi tərəfləri də mövcuddur. Vaxta və pula qənaət etmək, geniş məhsul seçimi, rahatlıq və rəqabətli qiymətlər kimi üstünlüklər onlayn alış-verişin əsas cazibəli tərəfini təşkil edir. Lakin məhsulun real vəziyyətini görə bilməmək, gecikmiş çatdırılmalar, kiber təhlükələr və mürəkkəb qaytarma prosedurları bu alış-verişin çətinlikləri sırasına daxildir.
Bu platformalardan effektiv şəkildə istifadə etmək üçün alıcılar hər zaman diqqətli olmalı, etibarlı satıcıları seçməli və təhlükəsizlik qaydalarına riayət etməlidirlər. Onlayn alış-verişin üstünlükləri ilə mənfi tərəfləri arasında balans qurmaq isə hər bir istehlakçının fərdi ehtiyaclarına və təcrübəsinə əsaslanır.
Qlobal e-ticarət sektoru son illərdə sürətlə böyüyərək 2023-cü ildə 5.7 trilyon ABŞ dollarına çatmışdır. Proqnozlara görə, bu rəqəm 2026-cı ilə qədər 8.1 trilyon dollara yüksələcək. 2019-2023-cü illər arasında bu bazarın təxminən 22% artması, xüsusilə pandemiya dövründə daha da sürətlənmişdir. Onlayn alış-verişin böyük bir hissəsi mobil cihazlar üzərindən həyata keçirilir. 2023-cü ildə e-ticarət satışlarının 72.9%-i mobil alış-verişə aid idi və bu, Asiya və digər inkişaf edən bazarlarda mobil texnologiyanın geniş yayılması ilə əlaqədardır.
Çin qlobal e-ticarət bazarında liderdir və dünyadakı onlayn satışların 52%-i bu ölkədə həyata keçirilir. Alibaba kimi platformalar bu sahədə üstünlük təşkil edir. ABŞ isə ikinci ən böyük e-ticarət bazarıdır, burada Amazon və Walmart kimi platformalar sektora hakimdir.
Azərbaycana gəldikdə isə, son illərdə online alış-verişdə ciddi artım müşahidə olunur. 2020-2023-cü illərdə ölkədə e-ticarət bazarının həcmi iki dəfədən çox artmışdır. 2020-ci ildə əhalinin təxminən 24%-i online alış-verişdən istifadə edirdisə, 2023-cü ildə bu rəqəm 30%-ə yaxınlaşmışdır. Pandemiya dövründə isə Azərbaycanda onlayn alış-verişlərdə 40%-dən çox artım müşahidə edilmişdir.
Azərbaycanda xarici platformaların, o cümlədən Trendyol və Alibaba-nın populyarlığı artır. İstehlakçılar daha çox brend geyimlər, elektronika və kosmetika məhsullarını online olaraq əldə edirlər. Alıcıların 93%-i onlayn alışveriş etmədən əvvəl məhsul haqqında müştəri rəylərini nəzərdən keçirir, lakin e-ticarətdə məhsulların təxminən 30%-i gözləntiləri qarşılamadığı üçün geri qaytarılır ki, bu da fiziki mağazalara nisbətən daha yüksəkdir.
Zeynəb Rzayeva