AZ

Rusiyanın miqrantlarla bağlı qərarı azərbaycanlılara necə təsir edəcək? - AÇIQLAMA

Rusiya miqrantlarla bağlı qaydaları sərtləşdirir. Belə ki, Dövlət Dumasının sədri Vyaçeslav Volodin Rusiyaya işləmək üçün gələn aşağı ixtisaslı kadr, miqrantların özləri ilə ailələrini gətirməməli olduğunu bildirib.

Bəs bu qərar Rusiyada yaşayan həmyerlilərimizə necə təsir edəcək?

Mövzu ilə bağlı Redaktor.az-a danışan "Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" İctimai Birliyinin sədri və Miqrasiya iştirakçı Platformasının rəhbəri Azər Allahverənov bildirdi ki, Rusiyanın belə qərar verməsinə səbəb miqrantların bir sıra qeyri-qanuni işlərə qarışmasının qarşısını almaqdır.

"Rusiya hökuməti bu gün miqrasiya siyasəti ilə bağlı çox sərt yanaşma sərgiləməkdədir. Buna əsas səbəblərdən biri "Crocus City"də mart ayındakı baş vermiş terror hadisəsi olmuşdu. Bu terror hadisəsindən sonra miqrantlarla bağlı xüsusi bir nəzarət siyasəti qurulmağa başladı, hətta qanunvericilikdə bir sıra təşəbbüslərlə çıxış edildi. Faktiki olaraq, deməli, burada əsas niyyət Rusiya ərazisində əmək fəaliyyəti ilə məşğul olan şəxslərin bunun qanuni şəkildə həyata keçirilməsi və bunun maksimum Rusiya iqtisadiyyatı üçün faydalı olması nöqteyi-nəzərindən tənzimlənməsi ilə bağlı olmuşdu və qanunvericilikdə edilən məhdudiyyətlər də bilavasitə onunla bağlıdır ki, yalnız Rusiya iqtisadiyyatına xeyir gətirə biləcək miqrantların axınının idarə olunmasına səbəb olan bir siyasət yürüdülsün. Ailə üzvlərinin aparılmasına dair qadağaların qoyulması, əmək patentlərinin verilməsi, vətəndaşlıq məsələləri ilə bağlı müəyyən yeniliklərin tətbiq olunması və bu kimi məsələlər bütövlükdə ona hesablanıb ki, miqrasiya prosesləri üzərində dövlət nəzarətini daha sərt və effektiv şəkildə qurmağa nail olsunlar, bu da elektron resurslar üzərindən də bu prosesin idarə olunması, müxtəlif yeniliklərin tətbiq edilməsi, vahid reyestr sisteminin işə salınması, miqrantların və miqrantlara iş verən qurumların reyestrə daxil edilməsi kimi məsələləri bundan qaynaqlanır".

Azər

Ekspert qeyd etdi ki, rusların yürütdüyü siyasət nəinki azərbaycanlılara, həm də orada yaşayan bütün qeyri-vətəndaşlara şamil olunacaq.

"Təbii ki, burada konkret olaraq sırf azərbaycanlılarla bağlı və ya digər ölkədən olan miqrantlarla bağlı olan bir siyasət deyil. Bu ümumi siyasəti dövlətin bununla bağlı mövqeləri açıqdır və dövlət çalışır ki, bu gün dediyim kimi, hər bir miqrantın üzərində dövlət nəzarətini daha təkmil şəkildə qursun. Təbii ki, bu, eyni zamanda Azərbaycandan olan miqrantlara da toxunur. Bu yaxınlarda Rusiyanın təcridxanasında bir qiyam baş vermişdi və bu qiyamda, eyni zamanda miqrantlar da iştirak eləmişdi, əcnəbi şəxslər olmuşdu. Başqa bir ölkənin vətəndaşları həmin o qiyamda, deməli, təcridxanada çalışan əməkdaşların həbsə alınması və digər məsələlər. Bu prosesdə miqrantlar da kifayət qədər fəallıq nümayiş etdirmişlər və bu səbəbdən də artıq Rusiya hökuməti miqrantlarla bağlı daha sərt siyasət yürüdüb. O ki qaldı bu azərbaycanlılara toxunacağı və digər məsələlər, yəni ki, bunun sonrakı proseslərdə indi gediş-gəlişlə bağlı müəyyən məhdudiyyətlər bilavasitə gediş-gəlişlə yox, daha doğrusu, Rusiya ərazisində müvəqqəti yaşamaq icazəsinin alınması ilə bağlı məhdudiyyətlərin tətbiq olunması ilə özünü büruzə verir. Sonrakı mərhələdə daimi yaşamaq icazəsinin alınması əsaslar məsələsi çox ciddi götürülür. Yəni istənilən icazənin verilməsi üçün əsaslara diqqət yetirilir. əsaslar çox net olmalıdır.

Azər Allahverənovun sözlərinə görə, miqrantlar qaydalara əməl edərsə, o vaxt bu qanunlar yumuşala bilər.

"İndi Dövlət Dumasında ayrı-ayrı siyasi partiyalar, fraksiyalar müxtəlif təşəbbüslərlə çıxış edir və bu təşəbbüslər müəyyən hallarda bir qədər sərt də görsənir. Amma burada hökumətin mövqeyi ondan ibarətdir ki, əsas məqsəd Rusiya ərazisində məskunlaşan miqrantların bu cəmiyyət üçün faydalı olması prinsipinin tam şəkildə təmin olunmasına xidmət eləsin və ölkə ərazisində olan miqrantlar ictimai asayiş, təhlükəsizlik, dövlət və milli maraqlar nöqteyi nəzərindən hər hansı bir problemə səbəb olmasınlar. Yəni, burada əsas siyasət onun üzərində köklənir. Ona görə də burada azərbaycanlılarla bağlı və ya digər bir dövlətin vətəndaşları ilə bağlı hansısa bir ayrı-seçkilik yoxdur. Amma bu, təbii ki, miqrant qrupları arasında müəyyən narahatçılığa səbəb olur. Narahatçılıq nə qədər də olsa da belə, bəlli məsələdir ki, hökumət burada sırf öz maraqlarından çıxış edir. Bu maraqlar müəyyən mənada miqrantların maraqları ilə üst-üstə düşməyə bilər. Ölkə ərazisində yaşayıb uzunmüddətli və müvəqqəti yaşama icazəsi olan şəxslər istənilən qanunlara və qanunlardan irəli gələn qaydalara riayət etməlidir. Belə olduğu təqdirdə hökumət strukturları ilə, dövlət qurumları ilə bağlı hər hansı bir problemlər yaşanmaz, yerli icma tərəfindən də onlar müsbət qarşılanar", - deyə birlik sədri yekunlaşdırdı.

Türkan İSGƏNDƏRLİ

Seçilən
127
redaktor.az

1Mənbələr