Son zamanlar rayonlarda quzu və mal ətinin qiyməti xeyli bahalaşıb. Bölgələrimizdə mal ətinin bir kiloqramı 14-15, quzu əti isə 20 manata təklif olunur. Əvvəllər isə mal ətinin bir kiloqramı 12, quzu əti isə 16-17 manat aralığında satılırdı.
Bəs, bu bahalaşmanın səbəbi nədir?
Suala Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli aydınlıq gətirib. O, Hurriyyet.az açıqlamasında bildirib ki, rayonlarda və ölkənin böyük şəhərlərində ətin qiymətinin bahalaşması bir tərəfdən heyvandarlığın Azərbaycanda küncə sıxışdırılmasıdır:
“Yəni heyvan örüşlərinin başqa bitkilər altına verilməsidir. Digər tərəfdən, heyvandarlıq üçün yem bazasının zəifləməsidir. Bu il yağıntılı bir il oldu. Havalar qeyri-sabit keçdi. Bu da yem bazası kimi ot istehsalı məhsuldarlığına çox ciddi zərbə vurdu. Ot biçilir, ot biçiləndən sonra yağış yağır. Biçilən otun üzərinə yağış düşürsə, deməli, otun keyfiyyəti 70-80 faiz azalır, dəyərsiz yem məhsuluna çevrilir. Ona görə də bu il otun məhsuldarlığı çox aşağıdır.
Mövsüm dövrüdür, artıq bir yonca kipinin qiyməti 5 manata qədər qalxıb. Payız aylarında 7-8 manata qalxacaq. Üstəgəl, qüvvəli yem sahələri az olduğuna və qüvvəli yem komponentlərinin qiymətləri bahalaşdığına görə, qüvvəli yem də bahalaşıb. Ona görə, bir tərəfdən heyvandarlıqla məşğul olan azalıb, digər tərəfdən də heyvandarlıq məhsullarının maya dəyəri artıb. Bu səbəbdən də hətta yay aylarında belə ətin qiyməti qalxdı”.
Ekspert qeyd edir ki, payıza doğru bahalaşma daha ciddi formada reallaşacaq:
“Qışda da bu bahalaşma davam edəcək. Bu bahalaşmanın qarşısın almaq üçün hökümət tədbir görməlidir. Yəni tədbir ondan ibarət olmalıdır ki, örüş yerləri heyvandarlıqla məşğul olan sahibkarlara qaytarılmalıdır. İşğaldan azad olunan ərazilərdə minalardan təmizlənmə prosesinə daha çox diqqət ayrılmalıdır ki, həmin ərazilərdəki örüş sahələri açılsın və bu örüş sahələrindən fermerlərimiz tam gücü ilə istifadə edə bilsin. Bilirik ki, işğaldan azad edilən ərazilərdə daha çox heyvandarlıqla məşğul olurlar. Birinci istiqamətdə hökümətin hər hansı addım atacağına ümid etmirəm. Amma işğaldan azad olunmuş ərazilərdə minadan təmizlənməmiş sahələrin genişlənməsi və örüş yerlərinin açılması daha çox gözləniləndir. Ümid edirəm ki, yaxın bir neçə il ərzində bu proses davamlı şəkildə inkişaf edəcək. Bizim keçmiş məcburi köçkünlərimiz öz ata-baba yurdlarına qayıdaraq yenidən həmin ərazilərdə heyvandarlıqla məşğul olub, ölkənin digər ərazilərini heyvandarlıq məhsulları ilə təmin edəcəklər”.
Aynurə İSMAYIL
Hurriyyet.az