Kulis.az Həmid Herisçinin yeni şeirlərini təqdim edir.
ÖPÜŞMƏK TƏHLÜKƏLİDİ
Bu beşmərtəbənin yan divarını
“Gillette” üzqırxanının çılğın reklamı
bəzəsə də,
bəzilərini bezdirsə də,
cin atına mindirsə də...
Sakinləri üzütüklüdür ucdantutma...
Zirzəmisində bir mahnı özünü təkrarlayır daim
“Məni unutma. Unutma!”
Mən də,
O üzütüklülərdənəm burda.
Mənlə öpüşmək təhlükəlidi.
Bir də görərsən, əl güzgündə
Sifətin azca ala-bula ləkəlidi.
Mənlə öpüşmək təhlükəlidi.
Yanağımdakı çapığım da çox dərindi
Fincanımı bəzəyən dodaq boyan,
deyəsən, əbədidi...
artıq məşhər gününəcən mənimkidi.
Mənlə öpüşmək təhlükəlidi.
Sənlə öpüşənlərin hamısı,
Öz əl telefonunu unutdu yatağında.
Mən isə yalnız özümü unutdum...
Boş siqaret qutusundan ayrılmadı bir xeyli
Baxışlarım...
Axır anladım
Sənlə...
Sənlə öpüşmək təhlükəlidi.
Zərif, bahalı əl çantan, görürəm
Çəkidə də,
əlində də
çox yüngüldü...
Çəkmir heç nəyin,
hətta bu öpüşümüz yükünü...
Məni bu mənzərə
Lap öldürdü.
MƏNDƏN SONRA BİR "CİN"(S) QALACAQ
Kitabların, payız yarpaqlarının
bütün tirajı,
Məktəb həyətlərinin şagirdsiz peyzajı
İnsanın ən ibtidai inancı
Mənə deyir:
“Səndən, məndən sonra paltar şkafında
bir cüt yaralı "Cin"s şalvar asılıb qalacaq...
uzun zaman yuyulmayacaq...
Kədərini uzadacaq...
Yarın vəfalı olsa,
bu cinsin yaralarını yamaqlayacaq
bir gün...
ömrünü uzadacaq...
Fəqət ancaq xəyalda.
Realda,
ilk acı sualda
yad əllər girəcək o şalvarın cibinə...
Bir-iki saniyə keçəcək
Həyəcan içində...
Səndən, məndən sonra
Şkafda bir "Cin"s
Uzun zaman tək qalacaq...
Sanki dar ağacından sallanacaq
Bir gün o səni inandıracaq
Bəs bir bank hesabının
Unudulmuşşifrəsi cibindədi.
Fəqət tilsimdədi
Azca bu şifrə.
Gedəcəksən uzun-uzadı fikrə.
Məndən sonra bir "Cin"s qalacaq...
Bir gün o səni qəflətdən oyadacaq...
Necə ki,
Göydən sonra bir ulduz qalacaq...
Sabaha...
OTELLƏRDƏ UNUTDUQLARIM
Otellərdə unutduğum köynəklər...
Məndən bezmişdiz, bəlkə?
Bəlkə, bəlkə...
“Narşərab” restoranında,
yaxanıza saldığım silinməz ləkə...
Ləkəydi, sizi məndən
bezdirib qaçırdan.
Fitvanı almışdız, bilirəm...
o qaratoxmaq qadından...
Zövqünüzü də bilirəm...
Bilirəm, hansı içkini çıxarsam buz dolabımdan,
Hansı cini çıxarsam şüşə qablardan,
öz canımdan...
Bilirəm, hansı sevdalarım, qadınlarım
Dirilib qayıdacaq bu ağır külqabılarından.
Bəlkə, bezdiz Yasamaldakı davalarımdan?
Sizi bulaşdırdığım al qanlardan?
Otellərdə unutduğum köynəklərim,
Bəlkə, başqa bədən ölçüləri ilə sevişmək istəyirdiz?
Mənsiz, Həmidsiz indi necə?
Xoşbəxtsiz?
Halal edirəm sizi yad gödəkçələrə,
pencəklərə...
Bethoven ifaçılarının tərli, yaş bədənlərinə.
ABSURD
1942-ci ildə "Bakı Qırmızı Oktyabr tütün fabriki" qeyrətə gələrək, cəbhədəki Azərbaycan snayperlərinə
bax bu siqaret qutularını göndərir.
Üzərində snayper tüfəngi...
İçində əlisilahlı bizim Bəxtiyarlar...
Faşistləri, tüfəng lüləsinin ucunda
güdürlərmişlər guya.
Birinci səhv - snayper siqaret çəkməməlidir.
Siqaretin gözü, közü qızardısa,
vəssalam,
şəkildəki faşist snayperi bizim Bəxtiyarı "bəxtsiz" edəcək.
Dəqiq.
İndi, aradan düz 80 il ötdükdən sonra
baxıram bu nadir artefakta,
müharibə yadigarına...
Qərarım qətidir - cəbhədəki Bəxtiyarları
məhz bax bu siqaret hədiyyələri
ölümə sürükləyib.
Şəkildəki yalançı snayper duelinə ağız büzürəm.
Təxribat idimi bu?
Yoxsa səhlənkarlıq?
Məncə, hər ikisi.
Absurd, qısaca, həyatın əsl fəlsəfəsi, ana nüvəsidir.
Siz məntiq, romantik münasibətlər,
mənzərələr görən yerdə
mən ancaq absurdu görürəm.
Qutudakı şeiri tərsinə, absurdcasına eşidirəm: Sən qorumadın vətəni, Bəxtiyar, Vətən səni unudacaq, Bəxtiyar, Bundan sonra fəxr ilə analar körpəsinə adını qoymayacaqlar...
Bu hədiyyə isə əsl ölüm baratı idi, biləsiniz.
P.S. "Bakı Qırmızı Oktyabr tütün fabriki"ndəki faşist agenturasını
Ancaq indi, 80 il sonra
aşkarladım.
Əsl "bəxtiyar"lar bu faşistlərdi görünür.
Siqareti sümürənlər isə ancaq zavallı qurbanlar idilər.
BLÜZ
Özümə və Ölumə
Bənzədim bu gün
bir az.
Lap az.
Az-az...
Hadisələrin sonrasını indi
artıq düşünmürəm.
Qarderobumdakı ən köhnə paltarımı
Əvvəlcə azca qoxuladım
Qorxmadım...
Geydim əynimə.
Öz dilimdə daxilimə bir blüz pıçıldadım:
"Məni bu axşam mütləq sevəcəklər
Ən azı, köynəyimdəki naxışlara görə".
Ancaq tam yad bir səs diksindirdi məni:
"İndi yoxdu bu cür naxışlar. Bu cür çiçəklər.
Ləçəklər".
Anında həyatımın, gözlərimin
jalüzləri tam qapandı.
Soldu bütün köhnə çiçəklər.
İşdə bossum mənə
nifrət etməyə başladı.
Yeni pinkod istədi həyat məndən...
Yeni çicəklər.
Yeni naxışlar.
Köhnə nə varsa
tam unudulub.
ŞAH CADUSU
İranın son şah sülaləsi,
Pəhləvilər, “Reza” adına
bərk aludəydilər.
Rzaşah Pəhləvidən sonra bu ad yenə də yerdə qalmır.
Oğlu Məhəmməd Reza Şahın simasında yenidən canlanır.
“Reza” adını mistikcəsinə, xüsusi ahənglə geri,
tərsinə oxusan,
bizim adımız,
Azərbaycanın qısadılmış
“Azər” adı doğacaq.
Hadisələrin reallığı nə qədər önəmlidirsə,
mistikası da bir o qədər əhəmiyyətlidir.
Pəhləvilərin əsl canlı mistikası
bax bu məxfi şifrədə
- “Azər-Reza” şifrəqramında idi.
Cadunun müəllifi falçı Fəriştə Tehrani idi.
Məhəmmədrza şaha, arvadı Fərəhə demişdi:
“Vaxsey, özünüzü “Azəri”lərdən qoruyun.
Bəs adınızda “bu şifrə, bu tale var”.
Bəs adınız hər an ulduzların hökmü ilə geriyə fırlanıb,
hakimiyyəti yenidən azərbaycanlılara qaytara bilər.
Şahənşah bu sözləri eşidən kimi
dərhal "21 Azər" üsyanını,
Təbriz mənzərələrini gözlərində canlandırır.
Anında bu cadunun qurbanına çevrilir.
MƏNİMDİ!
1965-ci il idi.
Nərimanov xiyabanındakı evimizin həyətində
qardaşımla oynayırdıq.
Qəfil yerdə qəribə bir əşya aşkarlayaraq,
bir ağızdan ikimiz də qışqırdıq: "Mənimdi!"
Casus fotomakinası idi.
Bəxtsiz bir casus Bakıda itirmişdi bu vacib silahını.
Bəxtimizə o çıxmışdı.
Beləsi Rixard Zorgedə də varmış.
Çox sonralar məşhur "Akvarium" filminin
4 cü seriyasının 20-ci dəqiqəsində, bu makinanı yenidən aşkarladım.
O fraqmentdə həmin makinayla necə davranmaq qaydaları öyrədilir.
Sən demə bu makina ilə gizli çəkilişlər çəkilirmiş.
Qısası, əvvəl həyətimizdə, sonra kinoda,
Sonra…
Ən sonda yaddaşımda tapdım bu əmanəti.
Bəribaşdan bilirəm o makina indi kimdədir.
Qohumlarımızın birində.
O qaytaracaq mənə həmin makinanı.
Bilirəm qaytaracaq.
Gəlib deyəcəm ucadan:
"MƏNİMDİ!"
MÜĞƏNNİSİZ MAHNI
Sabir,
arvadı Nəsrinə düşməncəsinə baxıb,
cibindən qəzet parçasını çıxardı.
həyatının əzabları bir sifətinə hopmuşdu,
bir də bu qəzet əziyinə.
Şahənşahın şəklinə etibar etdiyi tiryəki,
şkafdan çıxardığı bıçağın küt tiyəsi ilə
ikiyə böldü.
- Sabah nə edəcəm axı…
Başıma haranın külünü,
tiryəkini tökəcəm, – pıçıldadı.
Qızı Ququş
Bu mənzərənin şerini, musiqisini
Heç vaxt oxumayacaq.
Eşitsə də.
SİRUŞ
Hər ölkənin, xalqın
bir qoruyucu mələyi də olur başı üzərində.
Azərbaycanın belə bir qoruyucu mələyi var.
SİRUŞ-du bu mələyin adı.
Adı Azərbaycanla həmişə qoşadır.
İskəndər bəy Münşü Türkmən, məşhur "Aləm araye-Abbasi" əsərinin 57-ci səhifəsində (əlyazmasında səh. 20-21) deyir ki, Şah İsmayıl 1501-ci ildə Bakını fəth etdikdən sonra Şamaxının alınmaz Gülüstan qalası önündə ləngiyir.
Döyüşlər, mühasirə xeyli vaxt aparır.
Gecənin xain vaxtında 13 yaşlı şahın gözünə ilahi yuxu gəlir.
O yuxuda Siruş mələyini görür: "Mühasirə vaxtı qeyb aləmindən gələn Siruş mələyi, həzrətə Azərbaycanın səltənət taxtına və padşahlığına yetişmək müjdəsini verdi"... Şah İsmayıl yuxudan ayılınca başına öz silahdaşlarını yığır və deyir: "Sizə Gülüstan qalası lazımdı, yoxsa Azərbaycan taxt-tacı?"
Əmirlər Azərbaycanı seçdilər.
13 yaşlı şah Təbrizə gəlib "sahib ül-əmr" olur.
Yəni, hakimiyyət barədə öz qəti əmrini verir.
Xatırladıram ki, Siruş mələyinin məqamı "aləmi-məlukut"da, dərvişlər, sufilər arasında çox yüksək olub.
Adı, polindrom kəlmədi. Yəni, əvvəldən də, axırdan da eyni cür oxunur.
"Alimlər, İskəndər bəy Münşünün ilk mətnindəki bu adı niyə indiyədək görməyiblər?" sualınızı belə cavablandırardım:
Görünür, Siruş mələyi, sizlə münasibətlərdə hələ də qeybdə qalmaq istəyib... Axır, ancaq mənə açıb öz sifətini, varlığını, sirrini...
Adını.
Uzun fasilədən, Şah İsmayıldan sonra...
P. S. Tərcüməçilər, mətnşünaslar ilkin mətndəki bu Siruş kəlməsini həmişə gözardına vurublar.
Bu nağd kəlmə əvəzinə mücərrəd "mələk" sözünü işlədiblər.
NO Komment necə deyərlər.
MUĞAMAT
88 saylı avtobusa minib
evə qayıdırdım.
Böyrümdə sısqa uşaq oturub
dodaqları altda nəsə mızıldadırdı.
Qəfildən o uşaq yaşına yaraşmayacaq
"Ölmək istəyirəm!" nidasını səsləndirdi.
Valideynləri çaşıbuşağın ağzını kip yumdular.
Avtobusun mühərriyi də
elə bil bu nidanı eşitdi.
Bütün digər səsləri batırdı.
O uşağın nidasından başqa.
Hiss etdim,
valideynləri, dəfələrlə həmin muğamatı oxuyublar.
İndi növbə uşağa gəlib yetişdi.
Avtobusdakıların hamısı ölmək istəyirdi elə bil.
Etirafı təkcə bax bu uşaq elədi.
Muğamatı o oxudu.
ANTİMİF
Hollivud kinokamerası üçün
əlaltında nə varsa...
Anında ölüm alətinə çevrilir.
Saçquruducu fenləri də, adətən,
Əzrayıl dəryazını uğurla əvəzləyir.
Düşür sarışın modelin ağ köpüklü vannasına.
Vəssalam.
Yunan əsatirlərində
bu cür oxşar köpükdən gözəllik ilahəsi Afrodita yaranırdısa,
Hollivudda süjet tərsinədir.
O gözəlliyə biganədir.
Hollivud köpüyündən adətən
ölü çıxır Afroditalar.
Səbəb?
Çünki Hollivud antimifdi.
Çünki o arifdi
ən son qiymət tarifidi
metrostansiyalarının gediş kartlarında…
Gözəlliyi, gözəlləri, həyatı məhv etməyi
O tam modernləşdirdi.
Həm də təriflədi bizimçün.
Eynəyinin şüşəsində gör bu filmləri...
Kokteylin uzun çöpünə çək, dart
bu ləzzəti...
PASPORTSUZ HƏYAT
Tələsmə.
Dövlət qeydiyyat nömrəsi
axtarma alnımda.
Demateriallaşmışam çoxdan.
Müşahidə kameraları da məni görmür.
Məni ancaq
sevənlərim görür.
Qalanları,
sükan arxasında yuxulamış sürücülər kimidirlər.
Ayılmalari ilə ölümləri
eyni vaxtda olacaq.
ŞİFRƏLƏR, MƏNDƏDİR
Mən də bir gün həyatımda bütün körpüləri yandırdım.
Düşdüm öz Rabinzon adama.
Rabinzon həyatım başladı.
Hədiyyəsiz qalmadı ancaq bu təkliyim.
Daniel Defonun "Robinzon" romanı qəfil
öz- özünə açdı öz gizlinlərini mənə.
"Açar kəlmə"
Robinzonun adadakı ilk və son dostunun adıydı.
Həmin o " Cümə" adı romanın açarıdır.
Afrikadakı aşanti tayfasında cəmi yeddi ad mövcuddu.
Kim həftənin hansi günündə doğulubsa,
Həmin o adı da daşıyır.
Misal üçün Seneqal, aşanti əsilli,
Sabiq BMT sədri Kofi Annan belələrindəndi.
Cümə günü doğulmuşdu.
Bu səbəbdən adı Kofi idi.
Qısaca, buna əsaslanaraq kitabdakı Cümənin əsl adını deşifrələdim - Kofi idi bu ad.
Sonra kitabdakı digər kodlar da açıldı mənim üçün.
O adanın dəqiq coğrafi koordinatlarını bildim.
İndi qalır adadakı dəfinənələrin yerini dəqiqləşdirmək
və sairə detallar.
Xatırladıram - romanın müəllifi Britaniya kəşfiyyatını yaradanlardandı.
Romanı həm də tədris, imtahan kitabıdır.
Şifrələrini mənim kimi açsan,
bəxtin sonmacalda tapacaq səni.
Kral ziyafətinə yaxud AZTV-dəki yeni bir verilişə dəvətnamə alacaqsan.
DƏQİQLİK
Andrey Tarkovski,
"Stalker" filmində
ölüm gününü görüb.
Kadrların birində,
təqvimdəki "28 dekabr" mənzərəsi önündə,
kamerasının gözünü dondurub bir an.
Sonralar məhz bu tarixdə dünyasını dəyişib.
"Sirlər xəzinəsi" verilişimin pilot layihəsində
bu barədə ayrıca danışırdım.
Bu zaman İlhamiyyə Rza mənə dedi:
Həmid, bu gün aprelin 28-di...
ÖLÜM YERİNİ DƏYİŞMƏK OLMAZ
Fincanımdakı qəhvəmlə ürəyim eyni sürətlə soyuyur.
Üzüm, güzgü axtarır burda.
Əlim isə tapança.
Bir güllə ilə qətlə yetirmək istəyirəm hamını.
Hamını.
Özümü də.
Gəl sabah Malakan bağındakı yeraltı ünvanıma.
Bilyard oynayaq orda.
Məşq edək bu ümümbəşəri qırğını.
Məndən sağ qalan ancaq üzümdəki dərin çapıq olacaq.
O sağ qalacaq.
Gələcəyini tapacaq.
Mən isə yoxxxxx...
Qızdırmaölçəni yoxdu bu istiliyimin.
Ancaq hissiyyatölçəni var.
Qaniçəni var bu qanın.
Qankəsicisi əsla yoxdu.
***
Turagentliklərdən aldığım biletlə
ən uzaq üfüqlərdəki zəif bir siluetlə
Görmüşdüm onu nə vaxtsa baletdə…
sevişdim bir az, az-maz bu gün.
İşarəylə dedi: "Yükləmə...
telefon nömrəsi filan istəmə
məndən”.
Xoşlanırdı xəyanətlərdən.
bütün qacetlərdən,
bütün qəzetlərdən
göz vurdu mənə.
Musiqimizi özü bəstələdi.
Qəhvəni təkcə özü bildiyi bir üsulla dəmlədi.
Bilgisayarımın parolunu dəyişdi
hətta...
Nəfəsini hopdurdu
Bütün FB paylaşımlarıma.
Ancaq çevrilmədi, dönmədi
İnsana.
Hətta
Göz yaşları bütün qacetlərdən,
qəzetlərdən
ətrafına sıçrasa da...
Uzaq siluetdi.
Bu yəqindi. Bu netdi.
Heyif, o da
həyatımızdan çıxıb getdi.