AZ

Məhsulları Azərbaycana idxal olunan 1221 xarici qida obyekti reyestrə daxil edilib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) xarici ölkələrdə fəaliyyət göstərən yüksək risk qrupuna aid qida və yem məhsulları istehsal olunan müəssisələrin reyestrə daxil edilməsi prosesini davam etdirir.

Agentlikdən FED.az-a verilən məlumata görə, proses çərçivəsində 2023-cü il yanvarın 1-dən indiyədək 33 ölkə üzrə 1221 müəssisə reyestrə daxil edilib. Bunlardan 368-i süd və süd məhsulları, 357-si balıq məhsulları, 171-i ət və ət məhsulları, 161-i yem və yem məhsulları, 100-ü quş əti, 64-ü digər heyvan mənşəli məhsullar istehsal edən müəssisələrdir. Bu obyektlərdən süd və süd məhsulları üzrə 192, ət və ət məhsulları üzrə 86, balıq məhsulları üzrə 82, quş əti üzrə 49, yem və yem əlavələri üzrə 39 olmaqla 448-i təsdiq edilib. Balıq məhsulları üzrə 275, süd və süd məhsulları üzrə 176, yem və yem əlavələri üzrə 122, ət və ət məhsulları üzrə 85, quş əti üzrə 51, heyvan mənşəli digər məhsullar üzrə 64 olmaqla 773 müəssisənin ekvivalentliyi tanınıb.

Qeyd edək ki, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, ölkə ərazisinə yüksək risk qrupuna aid qida və yem məhsullarının idxalı üçün həmin məhsulların istehsal olunduğu xarici obyektlər AQTA tərəfindən müvafiq reyestrə daxil edilməlidir. Bununla bağlı həmin qida subyektləri və ya onların səlahiyyətli nümayəndələri Agentliyə müraciət etməlidirlər. Müraciət əsasında həmin obyektlərin (fiziki və ya onlayn formatda yoxlama əsasında) qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirilir. Qiymətləndirmənin nəticəsinə uyğun olaraq obyekt ya təsdiq edilir, ya da təsdiqdən imtina olunur.

AQTA tərəfindən reyestrə daxil edilən yüksək risk qrupuna aid qida və yem məhsullarının istehsal olunduğu xarici qida obyektlərinin sayı və yerləşdiyi ölkələrlə AQTA-ın saytında tanış ola bilərsiniz.

Qeyd edək ki, hazırda bu istiqamətdə tədbirlər davam etdirilməkdədir. Xarici ölkələrdə fəaliyyət göstərən və ölkəmizə yüksək risk qrupuna aid qida və yem məhsulları idxal edən subyektlər və ya onların nümayəndələri bununla bağlı qeydiyyata alınaraq reyestrə daxil olmaq üçün AQTA-ya müraciət edə bilərlər.

Seçilən
77
3
fed.az

4Mənbələr