AZ

Ağadadaş Ağayevin vəkili "MedEra Hospital"ı məhkəməyə vermə səbəbindən DANIŞDI

Xalq artisti Ağadadaş Ağayevin "MedEra Hospital"ı məhkəməyə verməsinin detalları məlum olub.

Musavat.com xəbər verir ki, sənətçinin vəkili Asif Mustafayev Oxu.az-a açıqlama verərək Ağadadaş Ağayevin hospitalı niyə məhkəməyə verdiyini izah edib.

O qeyd edib ki, "MedEra Hospital" Ağadadaş Ağayevlə bağlı hadisənin videogörüntülərini, onun klinikada müayinə və müalicəsi ilə bağlı məlumatlarını razılığı olmadan, qanunsuz formada ictimailəşdirib:

"Bununla da hospital bir sıra yerli və beynəlxalq hüquq normalarını görməzdən gəlib. Sözügedən qanunsuz hərəkətlər A.Ağayevin şəxsi həyatının gizliliyini pozub, onun şərəf və ləyaqətinə, ictimai nüfuzuna ciddi, bərpaolunmaz zərər vurub. Halbuki bu məlumatlar yalnız istintaq orqanı və ya məhkəmənin sorğusu əsasında yalnız həmin orqanlara təqdim edilə bilərdi. Çünki müvafiq qurumlar belə həssas məlumatları sübut kimi qiymətləndirməklə yanaşı, istintaq sirri anlayışı altında mühafizəsini də təşkil edirlər. Onu da qeyd edim ki, qanunvericiliyə əsasən, məhkəmənin qüvvəyə minmiş hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla bilməz. Halbuki klinika məqsədli şəkildə sadaladığım məlumatları yaymaqla müdafiə etdiyim şəxsin cəmiyyət tərəfindən cinayətkar kimi qəbul edilməsinə nail olmağa çalışıb".

Vəkil əlavə edib ki, klinikanın vəzifəli şəxsləri onun incəsənət xadimi olması səbəbi ilə yaydıqları xəbərin asanlıqla ictimailəşəcəyini və A.Ağayevin əleyhinə sui-istifadə ediləcəyini əvvəlcədən dərk edirdilər:

"Bir nüansı da diqqətə çatdırım ki, öz pasiyentinin şəxsi məlumatlarına belə biganə və təzyiq aləti kimi yanaşan tibb müəssisəsinin bu qanunsuz davranışı orada müalicə alan digər vətəndaşları da eyni risk və təhdid altına almış olur. Belə çıxır ki, bu müəssisə tibbi fəaliyyət nəticəsində topladığı məlumatları hər hansı bir mübahisə zəminində öz xəstələrinin əleyhinə yönəldərək sui-istifadə edəcək. Odur ki, tərəfimizdən klinikaya qarşı iddia qaldırılıb".

Xatırladaq ki, Ağadadaş Ağayev iyulun 22-də "MedEra Hospital"ın yerləşdiyi binanın mühafizəçisi Nurəddin Cəlilova 3 dəfə hücum edib. Sonuncu hücum zamanı Ağadadaş Ağayevin əlində balta olub və onu Nurəddin Cəlilova atıb.

AGA

Balta hospitalın xanım işçisi N.Paşayevanın ayağına dəyib.

Hazırda faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin İstintaq İdarəsində Ağadadaş Ağayev təqsirləndirilən şəxs qismində cəlb olunaraq cinayət işi istintaq olunur.

Xalq artistinə Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə ittiham elan olunub. Eyni maddə ilə Nurəddin Cəlilov barəsində cinayət işi başlanıb. Hazırda istintaq davam edir.

Ağadadaş Ağayevin mənəvi zərərin ödənilməsi ilə bağlı verdiyi şikayətə Binəqədi Rayon Məhkəməsində hakim Nigar Nəbizadənin sədrliyi ilə baxılacaq.

E.Məmmədəliyev,
Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
24
musavat.com

10Mənbələr