AZ

Ermənilər daha bir alban kilsəsini Tavuşda erməniləşdirirlər...

Image

Faiq İsmayılov: “Ermənilərin etdikləri başdan-başa saxtakarlıqıdır və bizim tarixi-dini irsmizə qarşı cinayətdir”

Qazaxın Ermənistanın işğalında olan 7 kəndindən dördünün Azərbaycana qaytarılmasından sonra ermənilər daha çox narahat olmağa başlayıblar.

Bu hadisədən sonra onlar alban kilsələrinə qarşı erməniləşdirmə, qriqoryanlaşdırma siyasətini daha da gücləndirib.

Tavuş rayonunun Kirants kəndində yerləşən Müqəddəs Üçlük kilsəsində dini abidənin “görkəmini korlayan lazımsız fraqmentlərin sökülməsi işləri aparılıb”. Bu barədə Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi Departamentinin, eləcə də “Mədəniyyət-Tarixi Muzey-Qoruqların və Tarixi Ətraf Mühitin Mühafizəsi Xidməti” MMC-nin əməkdaşları sonrakı “bərpa işlərinin metodikası” ilə bağlı müvafiq göstərişlər veriblər.

Qeyd olunur ki, məbədin “bərpası” və “abadlaşdırılması” işlərinin bu ilin sonunadək başa çatdırılması planlaşdırılır.

Ermənistanın Tavuş rayonunun Kirants kəndində olan alban kilsəsinin üzərindən "artıq elementləri" sökürlər. Yəni kilsənin üzərindəki, daxilindəki alban memarlığı elementlərini qaşıyıb, əvəzinə saxta elementlər əlavə edirlər. İndiyə qədər bu kilsə qalmışdı, niyə tımir və bərpa yada düşmürdü ki, proseslərin qaynar çağında ermənilər bu məbədi bərpa etmək istədilər? Demək, bunların məqsədi növbəti saxtalaşdırma işini həyata keçirməkdir. Yoxsa, ilin-günün bu vaxtında niyə əl-ayağa düşürlər? Belə olmasaydı, niyə o kilsəni   yenidən bərpa etmək istəsinlər ki?

“Saxtalaşdırma işlərinin məqsədi bu məbədi erməniləşdirməkdir” 

AMEA-nın A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun əməkdaşı, mədəni irs üzrə ekspert Faiq İsmayılov “Bakı-Xəbər”ə bildirdi ki, bu “bərpa” işi birbaşa saxtalaşdırmaya xidmət edir. “Ermənilərin içindən gələn  xislət ondan ibarətdir ki, onlar bu ərazilərin onlara məxsus olduğunu sübut etmək üçün abidləri hədəf seçirlər. Çalışırlar ki, oradakı abidələrin onlara məxsus olduğunu sübut etsinlər. Bunun üçün də tarixi və dini abidələrin həm daxili interyerini, həm də xaricini dəyişdirirlər, oradakı elementləri silirlər. Məqsədləri abidənin, məbədin üstündən qeyri-erməni elementlərini silməkdir. Hər kəsə məlumdur ki, hər bir xalq öz dini, tarixi, memarlıq, mədəni abidələrini yaradarkən öz milli elementlərindən istifadə edir. Yəni ermənilərin dediyi kimi, o məbədin üzərində “lazımsız, yararsız” hansısa bir elementin mövcudluğu mümkün deyil. Ümumilikdə götürdükdə, indiki Ermənistan ərazisində, eləcə də Azərbaycanın Qarabağ və Zəngəzur regionunda mövcud olan bütün abidələr ya islam, ya xristian dövrünə qədər olan, yaxud da xristianlıq dövrü abidələridir. Xristianlıq dövrü abidələrinin də ermənilərə heç bir aidiyyəti yoxdur. Burada deyək ki, xristianlıq dövrünə qədər olan abidələrin, hətta xaç daşların özündə belə yerli türk tayfalarının elementləri əksini tapıb. Çünki xaçların yaranması xristianlığın yaranması ilə əlaqədar deyil. Xristianlıq yarananda artıq xaçlar mövcud idi, xristianlar da bunu özlərinin simvolu kimi qəbul etdilər. Onun quruluşuna, mifoloji mənasına, ornamentinə, dünyəviliyinə görə bu xaçları öz simvolları kimi qəbul etdilər. Dünyada bir çox xalqlar da xaç simvolunu özlərinə xas şəkildə yenilədilər, dəyişdirdilər və sair. Amma ilk yaranan xaçlar olduğu kimi qalır. Bu baxımdan, ermənilər hətta Qarabağda əllidən çox abidənin xarici quruluşunu, formasını dəyişdirib  müasirləşdiriblər. Eyni zamanda Ermənistan ərazisindəki həm alban xristianlıq dövrünə, həm də ona qədər olan Azərbaycanın tarix və mədəniyyət abidələrini ya dağıdıblar, ya da saxtalaşıdırıblar. Əsasən, xarici görünüşündə dəyişiklik edə bilmədikləri abidələri məhv ediblər”. 

F.İsmayılovun sözlərinə görə, ermənilər bu tip abidələri, məbədləri saxtalaşdırmaqla qədimlikdən uzaqlaşdırıblar. “Bu gün Ermənistan ərazisində baxımsız vəziyyətdə olan, istifadə edilməyən tarix və mədəniyyət abidələri, məbədlər var ki, onlardan tarixi faktlar kimi istifadə etmək mümkündür. 

Ermənilərin Kirantsdakı məbəddə apardıqları saxtalaşdırma işlərinin məqsədi bu məbədi erməniləşdirməkdir. Onlara aid olmayan digər alban dövrü abidələrinin başına gətirdikləri oyunları bu abidənin də başına gətirirlər. Burda isə təəccüblü heç nə yoxdur. Bu, erməni xislətidir. XX əsrdə Azərbaycan torpağında saxtakarlıqla yaradılıb ermənilərə verilən Ermənistanın saxtakarlıqdan başqa “xidməti” yoxdur. Bu baxımdan onların həmin məbədi “bərpa” etmək adı ilə onun üzərindən, daxilindən tarixi elementləri silmələri böyük saxtakarlıqdır. Bu elə bir məbəddir ki, onun memarlıq quruluşunda hər hansı bir dəyişikliyə ehtiyac yoxdur, orada artıq heç nə ola bilməz. Sadəcə, ermənilərin kürkünə birə düşüb. Bu səbəbdən də yenə öz əməllərini davam etdirirlər. Ermənilərin etdikləri başdan-başa saxtakarlıqıdır və bizim tarixi-dini irsmizə qarşı cinayətdir. Orada qədim erməni irsi yoxdur, bu barədə iddia irəli sürməyin özü gülüncdür. O ərazi tarixi Azərbaycan torpağıdır, o torpağın da, o abidələrin də gerçək sahibləri bizik”-deyə F.İsmayılov qeyd etdi.

F.İsmayılov vurğuladı ki, Ermənistanın maddi-mədəni, tarixi, memarlıq irsinə, xristianlıq dövrü abidələrinə qarşı həyata keçirdiyi saxtalaşdırma cinayətinə dünya səssiz qalmamalıdır. 

İradə SARIYEVA





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
baki-xeber.com

1Mənbələr