AZ

Cenk Özkacar La Liqada klubunu dəyişdi

Futbol üzrə Türkiyə milli komandasının və “Valensiya”nın müdafiəçisi Cenk Özkacar icarə müqaviləsi əsasında “Valyadolid”ə keçib.

Arena.az bu barədə “Valyadolid”in rəsmi saytına istinadən xəbər verir.

23 yaşlı futbolçu bu mövsümün sonunadək icarədə olacaq. Müqavilədə futbolçunun transfer hüquqlarının alınması ilə bağlı şərt nəzərdə tutulmayıb.

Cenk Özkacar “Altay”ın yetirməsidir. O, bu komanda ilə yanaşı, “Karacabey Belediyespor”un da formasını geyinib. 2020-ci ilin avqustunda isə Lion “Olimpik”i gənc oyunçunu 1,5 milyon avroya transfer edib. Liqa 1 təmsilçisinin əsas komandasında cəmi 1 rəsmi oyun keçirən futbolçu əvvəlcə Belçikanın “Leuven” klubuna, daha sonra isə “Valensiya”ya icarəyə verilib. 2023-cü ilin yayında “Valensiya” Lion “Olimpik”inə 5 milyon avro ödəməklə türkiyəli oyunçunun transfer hüquqlarını da alıb. O, “Valensiya”nın heyətində 46 oyun keçirib, 2 qol ötürməsi ilə yadda qalıb.

Cenk Türkiyənin əsas millisində 9 matça çıxıb, 1 məhsuldar ötürmə verib.

“Valyadolid” xorvatiyalı vingeri Stipe Biuku isə “Hayduk”a icarəyə verib. 21 yaşlı futbolçu bu mövsümün sonunadək icarədə olacaq. “Hayduk”un yetirməsi olan Biuk, “Valyadolid”in əsas komandasında cəmi 11 oyuna çıxıb, 1 məhsuldar ötürmə müəllifi olub. O, Xorvatiyanın U-16, U-17 və U-21 yığmalarında da oynayıb.

“Valyadolid” mərkəz müdafiəçisi Enzo Boyomonu da “Osasuna”ya satıb. La Liqa təmsilçisi bu satışdan 5 milyon avro qazanıb. 22 yaşlı futbolçu yeni klubu ilə 5 illik müqaviləyə imza atıb.

“Tuluza” və “Bləkbörn”ün yetirməsi olan Enzo Boyomo “Albasete”də də oynayıb. 2023-cü ilin iyulunda 1,8 milyon avro müqabilində “Valyadolid”ə keçən fransalı futbolçu bu komandanın heyətində 42 oyuna çıxıb, 1 qola imza atıb.

Seçilən
68
arena.az

1Mənbələr