Azərbaycan cüdoçuları Vüsal Qələndərzadə və Süleyman Şükürov Estoniyanın paytaxtı Tallində Avropa çempionu olublar.
Arena.az xəbər verir ki, Tallin şəhərində təşkil olunmuş cüdo üzrə gənclər arasında Avropa çempionatı davam edir.
2-ci yarış günündə Azərbaycanın 3 cüdoçusu tatamiyə çıxıb. Onlardan ikisinin çıxışı uğurlu alınıb.
73 kq-da mübarizə aparan Vüsal Qələndərzadə 1/16 final mərhələsində kosovolu Dion Şarapollini üstələyib. O, daha sonra Emre Karadumana (Türkiyə) qalib gəlib. Qələndərzadə1/4 finalda Peter Jeanı yolundan kənarlaşdıraraq yarımfinala yüksəlib. O, növbəti rəqibi Mate Beruaşvilini (Gürcüstan) də məğlub edib. Qələndərzadə finalda bolqarıstanlı rəqibi Dimitar Qospodinovu da məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bu çəki dərəcəsindəki digər təmsilçimiz, ilk mərhələdə güləşməyə başlayan Aydın Rzayev İbrahim Demirəldən (Türkiyə) üstün olub. O, daha sonra Vlad Mitru (Moldova) üzərində qələbəni təmin edib. Rzayev 1/8 fianalda danimarkalı Morqan Errboeyə məğlub olub. Rəqib 1/4 finalda uduzduğu üçün Aydın mübarizəni dayandırıb.
81 kq-da çıxış edən Süleyman Şükürov da Avropa çempionatına 1/16 finaldan başlayıb. O, ilk olaraq Petrov Kesova (Kipr) qalib gəlib. Şükürov daha sonra Luka Zorotoviç (Xorvatya) və Luka Cavakhişvilini (Gürcüstan) məğlub edərək yarımfinala yüksəlib. Süleyman final uğrunda görüşdə İqor Tsurkanı (Ukrayna) üstələyib. Şükürovun həlledici görüşdəki rəqibi gürcüstanlı Aleksandre Loladze olub. Bu rəqibini də məğlub edən cüdoçumuz Avropa çempionu olub.
Xatırladaq ki, Avropa çempionatının ilk günündə Könül Əliyeva (48 kq) və Fidan Əlizadə (57 kq) də fəxri kürsünün ən yüksək pilləsində yer almışdılar. Nizami İmranov (60 kq) isə gümüş medal qazanmışdı.