Juninyo Olavionun cari mövsümdəki performansı qardaş Türkiyənin futbol ictimaiyyətinin diqqət mərkəzindədir.
“Qarabağ”ın braziliyalı forvardı Çempionlar Liqasının təsnifat mərhələsində meydana çıxdığı 6 oyunda vurduğu 6 qol və 1 assistlə ən məhsuldar futbolçu adına yiyələndi.
“18 nömrə”nin parlaq çıxışı Türkiyədə sosial şəbəkə paltformalarında müzakirələrə səbəb olub.
Azarkeş səhifələrinin birindəki paylaşımda yazılıb:
“Qarabağ”ın hücumçusu Juninyo Çempionlar Liqasının təsnifat mərhələsində ən çox qol vuran futbolçudur. O, rəqib qapılarına 6 dəfə yol tapıb. Bir də, bizim komandaların hücumçularına baxın”.
Fanatlar paylaşımın şərh bölməsində yazdıqları müxtəlif rəylərlə Juninyonu Türkiyədə görmək istədiklərini bildiriblər:
“Bizim boşbaş rıəhbərlər bu adamı niyə almirlər? Gedib 15-20 milyona lazımsızları gətirib bizə qardaş edirlər, ancaq qardaş komandakı istedadı görmürlər”.
“Vallah, bu adam Türkiyə Super Liqasında şou göstərər. Adam Avropada özünü sübut etməyi bacarıb. “Topu ona ver, otur seyr et” tipli futbolçudur”.
“Açığı, çox da məlumatlı deyildim. Ətraflı analiz etdim, cəmi 27 yaşı var. Azı 3-4 il yüksək səviyyədə oynaya bilər. Ötən il Azərbaycanda bombardir olub, avrokuboklarda 20 oyunda 12 qola imzasını yazdırıb. Sadəcə, möhtəşəmdir”.
“İnanılmaz dərəcədə möhtəşəm hücumçudur. İnşallah, “Qalatasaray” onu Türkiyəyə gətirər”.
“Gedib Avropada heç kimə lazım olmayan qocaları gətirincə, bu cür istedadı alsınlar. Adamın ayağına top düşdüsə, qapıdadır”.
“Bu, “Beşiktaş”ın istədiyi hücumçu deyil? Bəs deyirdilər Türkiyəyə gələcək. Nə oldu?”
“Sevdiyim oyunçudur. Topla təmin etsələr, böyük işlər görər. Əsl Super Liqalıqdır”.
Juninyo ötən ilin yayından formasını geyindiyi “Qarabağ”da bütün yarışlarda meydana çıxdığı 65 oyunda 38 qol vurub, 12 məhsuldar ötürməyə imza atıb.
HƏBİB / SPORTİNFO.AZ