Son aylarda tez-tez bahalaşan məhsullardan biri də ətdir. Ötən ay ətin qiymətində yenidən artım oldu. Toy mövsümünün yaxınlaşdığı vaxtda ətin bahalaşmasının şadlıq saraylarında menyuların qiymətinə də təsir edəcəyini deyənlər var.
News24.az xəbər verir ki, məsələyə iqtisadçı Fuad İbrahimov Demokrat.az-a açıqlamasında münasibət bildirib. Ekspert şadlıq saraylarında qiymət artımının əksər hallarda əhalinin tələbatı ilə əlaqəli olduğunu düşünür:
“Toyları elə dəbə salmışıq ki, bu ancaq restoranlarda menyuların qiymətinin artmasına xidmət edir. Xərc üstünə xərc gətiririk, qənaətdən tamamilə əsər-əlamət yoxdur. İsrafçılıq baş alıb gedir, fərqinə varmadan hamı bir-biri ilə bəhsə girib sanki, elə siz, biz də daxil olmaqla. Eyibimizi pandemiya dövrü örtdü, amma yenə də böyük sürətlə israfçılığa davam edirik”.
F.İbrahimovun sözlərinə görə, ümumiyyətlə, tək ət deyil, bütün ərzaqların qiyməti son 10 ildə dinamik artıb:
“BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesabatlarına baxsaq, bunu görərik. Bütün dünyada ərzaq bahalaşıb, amma bizdəki bahalaşmaya paralel olaraq özümüz də təkan vermiş oluruq. Toy menyularının qiymətlərinin bahalaşmasına öz israfçılığımızda dəstək veririk. Bahalaşmaya səbəb olan ən başlıca amil tələbatdır. Görürsünüz də, toylarda masaya 7-8 cür yemək qoyulur, salatların, qəlyənaltıların sayı-hesabı yoxdur. Ətrafımızdakı ölkələrin heç birində belə şey yoxdur. Hətta tələbatımız günü-gündən artır, hər gün bir yenilik edirik, dünya mətbəxinə keçmişik artıq. Kababın yanına suşi, suşinin yanına gürcü xəngəli gətirib qoyurlar... Hər şey qarışıb bir-birinə, yəni real vəziyyət budur”.
İqtisadçı hesab edir ki, ərzaq bahalaşsa da şadlıq saraylarındakı qiymətlərin özü şişirdilmiş dərəcədədir:
“Tələbat azalmalıdır, bu da insanların düşüncə tərzinin dəyişməsi ilə mümkündür. Bir vaxtlar avtomobildə təhlükəsizlik kəmərindən istifadə etmirdilər, amma cərimələr tətbiq olunandan sonra hamı bir nəfər kimi kəmər taxmağa başladı. Düzdür, toylarla bağlı problemi biz cərimə ilə həll edə bilmərik, amma hansısa bir mexanizm olmalıdır, bir ağsaqqal çıxıb deməlidir ki, belə olmaz. Bu gedişlə tək ətin, ərzağın qiyməti deyil, digər sahələrdə də qiymət artımları qaçılmaz olacaq. Ət bahalaşsa da menyuların qiyməti çox şişirdilib, maya dəyərindən 4-5 dəfə bahadır. Düzdür, restoranın digər xərcləri də var, xidmət göstərən personal, musiqiçilər, müğənnilər. Amma bunlarla yanaşı yenə də qiymətlət yüksəkdir. Tələbat azalsa, qiymətlər də aşağı düşəcək. Toydan əldə olunan xeyir də bəylə gəlinin özünə qalar. İndiki vəziyyətdə əksər hallarda toy edən hələ sonda borclu qalır”.