Tanınmış vəkil Əsabəli Mustafayev Goranboy sakini Məhəmməd Böyükkişiyevin Avropa Məhkəməsinə şikayəti ilə bağlı məlumat yayıb.
Redaktor.az-ın məlumatına görə, vəkil bildirib ki, Avropa Məhkəməsi onun nümayəndə olduğu bir iş üzrə qərarını elan edib.
"Ərizəçi Məhəmməd Böyükkişiyev Göranboy sakinidir, orada sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Ona məxsus ikimərtəbəli ticarət obyekti məhkəmə qərarı olmadan və kompensasiya ödənilmədən icra hakimiyyəti tərəfindən sökülüb. Bununla bağlı Ərizəçi və icra hakimiyyəti arasında uzun illərdir müxtəlif instansiyalarda çəkişmələr gedirdi. Nəhayət, bir neçə ay əvvəl 68 yaşlı Ərizəçini xuliqanlıqda təqsirli bilib həbsə saldılar, hal-hazırda məhkəməsi gedir", - hüquqşünas deyib.
Əsabəli Mustafayev qeyd edib ki, Avropa Məhkəməsinin bu qərarının maraqlı və yenilik olan cəhəti var.
"Belə ki, qərar Hökümətin birtərəfli bəyanatı ısasında qəbul olunub. Öz bəyanatında Hökümət Ərizəçiyə münasibətdə ədalətli araşdırma hüququnun pozuntusunu tanıyıb və işə yenidən baxılması barədə öz üzərinə öhdəlik götürüb, mənəvi zərərə görə 3600 avro, hüquqi yardıma görə 500 avro kompensasiya təklif edib. Belə bir bəyanat bundan əvvəl Məmməd İbrahimin cinayət işində verilmişdir, hazırda həmin işin təkrar baxılması gedir. Belə bəyanatların digər üzv dövlətlər tərəfindən verilməsi geniş yayılmışdır. Yəni pozuntu açıq-aşikar olduğu halda üzv dövlət onu məhkəmədə mübahisələndirmir, yenidən baxılması barədə öhdəlik götürür. Bu hal işlərə tez bir zamanda baxılması ilə yanaşı, dövlətin hüquq sisteminə etimadı artırır. Sevindirici haldır ki, Azərbaycan Höküməti də şikayətlərə baxılmasında bu meroda keçir. Ümüd edək ki, işlərə təkrar baxılması formal olmayacaq, ölkənin hüquq sisteminin inkişafına töhfə verəcəkdir", - deyə vəkil vurğulayıb.
T.İSMAYIL