17 Saylı Yasamal 3-cü seçki Dairəsindən deputatlığa namizəd, tanınmış ictimai xadim Aydın (Xan) Əbilov müzakirələrə səbəb oldu.
Seçkidə məğlub olduqdan sonra ölkədən gedəcəyi ilə bağlı iddialar səsləndirilən kulturoloq məsələyə aydınlıq gətirib.
Yenisabah.az-a danışan Aydın Xan Əbilov bu dəfəki parlament seçkilərinin tarixi hadisə olduğunu bildirib:
“Hər hansı bir ölkədə, o cümlədən də Azərbaycanda keçirilən seçkilər ölkənin çağdaş tarixində önəmli ictimai, siyasi və tarixi hadisədir. Burada həm cəmiyyətdə tanınmış şəxslər, həm siyasətçilər, ictimai xadimlər, mədəniyyət adamları, gənclər iştirak etməlidir, həm də toplumun ictimai, siyasi, sosial təsisatlarının nümayəndələri bu prosesə qatılmalıdır. Azərbaycanda keçirilən 1 sentyabr parlament seçkisi bu baxımdan çox maraqlı tarixi hadisə idi.
Bu, 20 faiz torpaqları geri qaytarılmış, bütöv Azərbaycanda keçirilən ilk parlament seçkisi idi.
Bununla belə, mənim namizəd olduğum 17 saylı Yasamal 3-cü seçki dairəsində çoxsaylı qanun pozuntuları, insanlara təzyiqlər, seçkilərin saxtalaşdırılması faktları var idi. Bununla bağlı sosial mediada, internet televiziyalarında görüntülər də paylaşılıb. Bütün bunlara rəğmən, prosesdə iştirak edib 3-cü sırada yer alan namizəd olaraq bildirmək istəyirəm ki, bütövlükdə bu seçkilərin keçirilməsi, səslərin hesablanmasına qədər normal idi. Bizə heç bir təzyiq olmayıb, istənilən görüşlərimizi keçirmişik, təbliğat işlərimizi aparmışıq. Sakinlər məhz bizim görüşlərdən sonra seçkilərdə gəlib səs veriblər. Nəticəsindən asılı olmayaraq, vətəndaşların aktivliyini yüksək dəyərləndirir, onların hər birinə təşəkkürümüzü bildiririk”.
Kulturoloq haqqında səsləndirilən iddiaların tamamilə yanlış olduğunu açıqlayıb:
“Namizədliyim rəsmi olaraq nəzərə alınsa da, müşahidəçilərin də gördüklərinə əsasən, dairə seçki komissiyalarının fəaliyyətsizliyi bizi pərişan etdi.
Bütün bunlar o demək deyil ki, biz Azərbaycandan çıxıb getmək, mühacirət etmək istəyirik. Xeyr! 45 ildir ki, ölkədə baş verən hadisələrə öz töhfəmizi verir, məsləhətlərimizi, təkliflərimizi irəli sürürük. Biz sivil mübarizəmizi davam etdiririk. Seçkidə qalib olub - olmamağımızdan, seçkilərin saxtalaşdırılıb - saxtalaşdırılmamağından asılı olmayaraq, biz özümüzü qalib sayırıq. Çünki 100-ə yaxın komanda üzvümüzlə, eyni zamanda, 40 məntəqəyə və respublika üzrə dairələrin müşahidəçiləri ilə biz prosesin içində olduq, biz tarixi prosesin iştirakçısı olduq”.