"Türkiyənin BRİCS-ə üzv olmasının onun Avropa İttifaqı ilə münasibətlərinə heç bir təsiri olmayacaq".
Qaynarinfo-ya açıqlamasında bunu Yəhudi Media Mərkəzinin politoloqu Rüstəm Tağızadə deyib.
Onun fikrincə, rəsmi Ankaranın BRİCS-ə müraciət etməsində Rusiya-Türkiyə yaxınlaşmasının mühüm rolu olub:
"Məsələ ondadır ki, son illər Rusiya ilə Türkiyə arasında əhəmiyyətli yaxınlaşmanın baş verdiyini müşahidə edirik. Bu yaxınlaşmada əsas məqsəd isə iqtisadi cəhətdən Türkiyənin inkişafı və iqtisadiyyatının genişlənməsinə nail olmaqdan ibarət idi. Çünki Türkiyənin Avropa bazarlarına çıxışı olsa da, müəyyən qədər şaxələndirmə hiss edirdi. Avropa İttifaqı qapalı qurumdur. Onlar etnik cəhətdən türkləri öz sıralarına ümumiyyətlə qəbul etmək istəmirlər. Bu səbəbdən düşünürəm ki, Ankaranın BRİCS-ə üzv olmaq üçün müraciət etməsində heç bir problem olmayacaq. Bu addımın Türkiyə-Avropa İttifaqı münasibətlərinə heç bir təsiri olmayacaq. Dediyim kimi, Türkiyənin BRİCS-ə üzv olmaqda başlıca məqsədi iqtisadiyyatının genişləndirilməsinə, prioritet sahəyə çevrilməsinə nail olmaqdır".
Həmsöhbətimiz deyir ki, Türkiyə BRİCS-ə üzv olmaqla ölkə iqtisadiyyatında hökm sürən tənəzzülü aradan qaldırmağı düşünür:
"Bu, son zamanlar Türkiyənin iqtisadiyyatında müşahidə olunan tənəzzülü aradan qaldırmağa hesablanmış addımdır. Belədə BRİCS-in üzvü olmaq tənəzzülü aradan qaldırmaqda Türkiyəyə hardasa kömək edə bilər. Belə olan halda Avropa İttifaqı ilə Ankaranın münasibətləri korlanmasa da, birincilər Türkiyəyə qarşı müəyyən qədər qərəzli mövqe sərgiləməkdə davam edəcəklər. Türkiyə hazırda Qərbin böyük təpkisi ilə üzləşib. 2010-ci illərin əvvəllərindən Türkiyədə "yeni osmançılıq” strategiyası mövcud idi. Ancaq bu siyasət real olaraq həyata keçmədi. Belə vəziyyətdə Türkiyə bacardıqca Şərqə doğru istiqamət almaqda davam edəcək ki, bunun üçün də böyük resurslar lazımdır. Görünür, Türkiyə mövcud vəziyyətdə həmin resursları BRİCS-ə üzvlükdə görür”.
Qeyd edək ki, Türkiyə BRICS dövlətlərarası birliyində tam formatda iştirak etmək üçün müraciət edib. Bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
"Türkiyə BRICS-də tam formatda iştirak etmək üçün müraciət edib. Birliyin ölkələri bu müraciətə baxacaqlar", - Kreml nümayəndəsi qeyd edib. Ankara yaxın zamanlara qədər Avropa İttifaqı ilə əlaqələrə üstünlük verirdi. Lakin Türkiyənin uzun illərdir Aİ üzv olmaqla bağlı müraciətinə qurum bu günə qədər müsbət cavab verməyib. Belə bir vəziyyətdə Ankara BRİCS-ə üzv olmağı seçib.