Məlum olduğu kimi, bu gün “BakıKart” mobil tətbiqi 1 aydır, işləmir. Avqustun 7-dən naməlum səbəblərdən fəaliyyəti dayanan tətbiqin bundan sonra işləyib-işləməyəcəyi də sual altındadır. Lakin vətəndaşları ən çox narahat edən məqam “BakıKart” mobil tətbiqindən qeydiyyatdan keçərkən daxil etdikləri data məlumatının taleyidir. Sosial şəbəkələrdə müzakirələr zamanı mobil tətbiq istifadəçiləri bildirirlər ki, uzun müddətdir, problemin həllini tapmaması data məlumatlarının oğurlanması ehtimalını da artırır. Aidiyyəti qurumlar isə hələ də ictimaiyyətə dəqiq açıqlama vermirlər...
Bu barədə Pravda.az-ın suallarını cavablandıran İKT üzrə mütəxəssis Fərhad Mirəliyev deyib ki, dataların oğrulanması və ya sızdırılması riski həmişə var, buna görə də birmənalı cavab vermək mümkün deyil.
“Bu, artıq “BakıKart” mobil tətbiqinə cavabdeh qurumun, məsul olan şəxslərin öhdəliyinə aiddir ki, qeydiyyat zamanı vətəndaşların daxil etdikləri məlumatların mühafizəsini standartların tələblərinə uyğun təşkil və təmin etsinlər. Dataların oğurlanması baş verəcəksə, baş verəcək. Vətəndaş belə halda heç nə edə bilməz. Vətəndaşın mobil tətbiqdə qeydiyyatdan keçərkən daxil etdiyi məlumatlar ehtiyatsızlıq, yaxud mütəxəssisin yol verdiyi xətalar ucbatından yayıla bilər. Risklərdən danışsaq, sözün açığı, onların infrastruktunu bilmirəm, heç kim də bilmir. İctimaiyyətə açıq məqamlar yoxdur. Açıqlama olaraq ümumi sözlər deyilir. Düşünmürəm ki, risk ehtimalı çox böyükdür. Dediyimiz kimi, risk həmişə var. Vətəndaş tətbiqdən qeydiyyatdan keçəndə riski də nəzərə almalıdır ki, məlumatlar haradasa sızdırıla bilər - ya ehtiyatsızlıqdan, ya da qəsdən. Müvafiq dövlət qurumlarının da vəzifəsi bundan ibarətdir ki, belə tətbiqlərin təhlükəsizliyi, o cümlədən dövlət qurumlarının informasiya təhlükəsizliyi siyasətinə nəzarət etsinlər, standartlara cavab verib-vermədiyini yoxlasınlar. Bütün bunlar təmin olunarsa, ehtimallar minimallaşar, lakin risklər heç vaxt itmir”, - mütəxəssis bildirib.
F.Mirəliyevin sözlərinə görə, “BakıKart” mobil tətbiqinin niyə işləmədiyi barədə birmənalı fikir söyləmək mümkün deyil, çünki proseslər daxildə gedir: “Yaranan problem ictimaiyyətə açıqlanmır. Biz isə sadəcə bununla bağlı ehtimallarımızı söyləyə bilərik. Bildiyiniz kimi, artıq avqust ayının əvvəllərindən başlayaraq “BakıKart” mobil tətqbiqinin işində problemlər yarandı. Tətbiq artıq çalışmır. Nəzərə alsaq ki, rəqəmsallaşma bütün dünyada, o cümlədən Azərbaycanda çox sürətlə infişaf etməkdədir... Belə bir şəraitdə nəqliyyat infrastrukturunun mühüm bir hissəsi olan elektron rəqəmsal ödəmə vasitələrinin dövriyyədən çıxması, bu qədər müddət ərzində oflayn qalması çox böyük təəssüf doğurur. Birincisi, sərnişinlər artıq əvvəlki variant üzrə balansı artırmaq üçün ödəmə terminallarına yönləndirilirlər. Bu cür yanaşma özü təəssüf doğurur. Bilirik ki, Bakı şəhəri üzrə ödəniş terminallarının sayı heç də bütün dayanacaqların sayı ilə üst-üstə düşmür. Görə bilərik ki, bir marşrut xətti üzrə nə qədər dayanacaqda ödəmə terminalı yoxdur. Ödəmə terminalı olsa belə, texnologiyaların, rəqəmsallaşmanın inkişaf etdiyi indiki dünyada sərnişini ödəmə terminalı vasitəsilə balans artırmağa məcbur etmək doğru yanaşma deyil. Nəqliyyatın hər bir şəhərin həyatında kritik sayılacaq nə qədər mühüm infrastruktur olduğunu nəzərə alsaq... Düşünürəm, xidmətin özünün də kritik rəqəmsal həll olması şübhə doğurmur. Nə yaxşı ki, alternativlər var. Çətinliklə də olsa, sərnişinlər kart balansını artıra bilirlər. Bu məsələ ilə bağlı, sadəcə, ehtimal söyləyə bilərəm. Ən böyük ehtimal isə budur ki, proqram təminatının işində hansısa texniki nöqsan aşkarlanıb və həmin nöqsanın aradan qaldırılması qısa müdaxilələrlə mümkün olmayıb. Bu qədər müddət çəkməsi dəlalət edir ki, proqram təminatının hazırlanmasında ən əvvəlki planlaşdırma mərhələsində ya proqram təminatının kodlaşdırılması, ya verilənlər bazası, yaxud digər infrastrukturla bağlı düzgün qərarlar verilmədiyindən tətbiq avqust ayının əvvəllərinə qədər müəyyən problemlərlə çalışıb. Lakin avqustun əvvəlində qərar verilib ki, tətbiq yenidən düzəldilsin. Ya da tətbiqdə hansısa kritik xəta baş verib ki, sərnişinlər üçün əlçatmaz olub. İstənilən halda tətbiq bu qədər müddətə dövriyyəyə qaytarılmırsa, sərnişinlərin yenidən istifadəsinə verilmirsə, ən çox ehtimal olunan iki variantdan biri budur ki, tətbiqlə məşğul olmurlar, laqeyd yanaşırlar və xətalı şəkildə kənarda qalıb, aşağı prioritet elan olunub, xətaların aradan qaldırılması istiqamətində fəaliyyət yoxdur. Sözün açığı, bu ehtimal çox azdır. İnanmıram ki, belə bir yanaşma olsun. İkinci variant, dediyimiz kimi, ilkin planlaşdırılma mərhələsində tətbiqin proqramlaşdırma dili, verilənlər bazası və s. kimi texniki nüanslarla bağlı səhv qərarlar qəbul olunub. Ola bilər ki, komanda texniki tapşırığı düzgün icra etməyib. Nəticədə, burada insan - mütəxəssis faktoru rol oynayır. Mütəxəssislərin verdikləri səhv qərarlar nəticəsində hazırlanan tətbiq xeyli xətalı olub. Bir yerdən sonra xətaların geriyə dönüş nöqtəsi olmayıb. Düşünürəm, tətbiqin sıfırdan hazırlanması prosesi gedir, çünki bu qədər vaxt ancaq buna gedə bilər. Avqustun ortalarında ictimaiyyətə məlumat yaymışdılar ki, proses gedir, məşğul olurlar. Bizə isə ancaq gözləmək qalır...”
F.Mirəliyev bildirib ki, digər ehtimal da var, lakin real olma faizi çox aşağıdır: “Bilirik ki, “BakıKart” tətbiqinin funksionallığını digər tətbiqlərdə də istifadə edə bilirdik. Məsələn, “Bir bank”, “m10” tətbiqlərinin içində ödəniş etmək olur. Belə bir ehtimal da var ki, “BakıKart” mobil tətbiqi dövriyyədən çıxarılmaqla sərnişinləri qeyd etdiyim digər tətbiqlərə yönləndirmək, onlardan istifadəyə sövq etmək, həmin tətbiqlərin özlərinin də yükləmə faizini artırmaqla insanlar arasında daha çox yayılmasını təşviq etməkdir”.
Aytəkin Qardaşova