Oktyabrda Kazanda keçiriləcək BRİKS sammitində Belarus prezidenti Aleksandr Lukaşenko Braziliya prezidenti Luiz İnasio Lula da Silva ilə şəxsi görüş keçirməyi və Belarus-Braziliya əməkdaşlığının perspektivli sahələrini müzakirə etməyi planlaşdırır.
“İki sahil”in məlumatına görə, bu barədə Lukaşenkonun Braziliya prezidentinə bu ölkənin milli bayramı - müstəqilliyinin elan edilməsinin 202-ci ildönümü münasibətilə göndərdiyi təbrikdə deyilir.
“Əminəm ki, bu ilin oktyabrında Kazanda baş tutacaq BRİKS assosiasiyası liderlərinin sammiti çərçivəsində sizinlə şəxsi görüşümüz qarşılıqlı faydalı əməkdaşlığı, o cümlədən qlobal inteqrasiya platformalarında əhəmiyyətli dərəcədə genişləndirmək və birgə işi sinxronlaşdırmaq imkanı verəcək”, - Lukaşenko bildirib.
Prezidentin sözlərinə görə, istənilən münaqişənin sülh yolu ilə həlli ideyalarına sadiq olan Belarus daha ədalətli və balanslaşdırılmış dünya düzəninin qurulmasına yardım etməyə çalışan Braziliyanın təşəbbüslərini yüksək qiymətləndirir. Lukaşenko əmin olduğunu bildirib ki, Braziliyanın G20-yə sədrliyi ölkəyə beynəlxalq nüfuzunu gücləndirməyə, milli maraqların müdafiəsində praktiki nəticələr əldə etməyə, həmçinin davamlı inkişafın dəstəklənməsinə və qlobal idarəetmə sisteminin yenidən nəzərdən keçirilməsinə mümkün töhfələr verməyə imkan verəcək.
Məhərrəm Ağalaroğlu, “İki sahil”