AZ

Təkamülün zərəri

İnsan beyninin böyüyən bölgələrinin daha tez qocaldığı müəyyən edilib. 6-7 milyon il əvvəl ortaya çıxan insanları yaxın qohumlarından, digər primatlardan fərqləndirən ən əhəmiyyətli xüsusiyyətlərdən biri də onların böyük beyinə sahib olmasıdır.

Milyonlarla illik təkamül yolu ilə böyüyən, həm də mürəkkəb bir quruluşa sahib olan insan beyni dillə ünsiyyətdən gələcəyi planlaşdırmağa qədər bir çox üstünlüklər təmin edir.

Digər tərəfdən, “Science Advances” jurnalında dərc edilən yeni araşdırmaya görə, bütün bunların bir qiyməti var. İnsanların və digər primatların beyinlərinin necə yaşlandığını müşahidə etmək istəyən tədqiqatçılar 480 insan və 189 şimpanzenin beyin skanlarını araşdırıblar.

Şimpanzelər insanların əcdadları deyillər, lakin bu iki növ ortaq əcdaddan təkamül keçiriblər. İnsan beyni şimpanzeninkindən üç dəfə böyükdür.

Alimlər hər iki beyində 17 ayrı bölgənin olduğunu qeyd ediblər. Bunlardan bəziləri bərabər ölçüdə olub, digərləri isə insanlarda daha geniş yayılıb.

Bunlardan biri də gözlərin arxasında yerləşən və qərarların qəbulunda mühüm rol oynayan orbitofrontal korteks idi.

Daha sonra qocalma prosesini araşdıran qrup, hər iki növün beyinlərinin zamanla kiçildiyini müşahidə edib.

Ancaq bəzi hissələr daha sürətli kiçilsə də, insan beynində ən sürətli qocalmanın orbitofrontal korteksdə və təkamül zamanı daha çox böyümə müşahidə edən digər bölgələrdə baş verdiyi aşkar edilib.

Tədqiqatçılar həmçinin babun və makakaların beyinlərini şimpanzelərin beyinləri ilə müqayisə ediblər. Digər tərəfdən, bu müqayisələrdə beynin genişlənməsi ilə yaşa bağlı azalma arasında heç bir əlaqə aşkar edilməyib.

Düsseldorf Universitetindən Henrix Heine və tədqiqatın müəlliflərindən biri. Sam Vikeri deyir ki, beynin ən sürətlə genişlənən hissələri ən mürəkkəb vəzifələrə cavabdehdir. Bu da, həmin sahələrin niyə daha tez köhnəldiyini və daraldığını izah edə bilər.

Ancaq insan beyninin daha böyük hissələrinin niyə daha sürətli kiçilməsini izah etmək üçün daha çox araşdırmaya ehtiyac var.

Araşdırmada iştirak etməyən bəzi ekspertlər də hesab edirlər ki, tapıntılar daha çox iştirakçının köməyi ilə dəqiqləşməlidir. London Universitet Kollecindən antropoloq Aida Qomez-Robles, “İnsanlarda qocalmanın oxşar tədqiqatları çox vaxt minlərlə insanı əhatə edir”, – deyib.

Tapıntılar bu bölgələrin bəzilərinə aiddir, lakin onların hamısına aid olub-olmadığını bilmirik.

Araşdırmalar qəti şəkildə təsdiqlənərsə, ortaya maraqlı bir vəziyyət çıxır – İnsanların sağ qalma şansını artıran və şimpanzelərdən daha uzun yaşamalarını təmin edən bölgələr də ilk qocalan hissələrdir.

Yaş irəlilədikcə ortaya çıxan bəzi problemlər təkamülün həm üstünlük, həm də mənfi cəhətlər gətirməsinin nəticəsi ola bilər. Vikeri fikrini, bizsə yazımızı bu fikirlə bitirik: “Bizim belə möhtəşəm beynimiz var, amma bunun da bir qiyməti olmalıdır”.

Seçilən
165
vaxt.az

1Mənbələr