Sentyabrın 5-də “Azərbaycanım” beynəlxalq jurnalının fəaliyyətinin 20 illiyinə həsr olunmuş yubiley tədbiri və “Qərbi Azərbaycan və Qarabağ ensiklopediyası”nın təqdimatı keçirilib.
Kulis.az xəbər verir ki, tədbirdə rəsmilər, tanınmış yazarlar, ictimai xadimləri, digər şəxslər iştirak ediblər.
Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar, birliyin sədr müavini Çingiz Abdullayev və başqaları çıxış ediblər. Qeyd olunub ki, jurnal 20 illik fəaliyyəti ərzində bir sıra uğurlara imza atıb, ölkəmizin beynəlxalq aləmdə təbliğinə öz töhfəsini verib.“Qərbi Azərbaycan və Qarabağ ensiklopediyası”nın müəllifi, “Azərbaycanım” jurnalının baş redaktoru Emil Nəsirli tədbir iştirakçılarına təşəkkürünü bildirib. Kitab haqqında danışan müəllif deyib ki, nəşrdə Azərbaycanın ən qədim və zəngin tarixə malik bölgələrindən olan Qərbi Azərbaycanın tarixi, coğrafiyası, ictimai-siyasi, sosial-iqtisadi həyatı barədə məlumatlar yer alıb. Həmçinin Azərbaycan Ordusu tərəfindən torpaqlarımızın işğaldan azad edilməsi, həmin ərazilərdə dövlətimiz tərəfindən həyata keçirilən genişmiqyaslı yenidənqurma işləri və s. barədə də kitabda söz açılır.
Sonda tədbir iştirakçıları jurnalın 20 illiyinə həsr olunmuş sənədli filmi izləyiblər.