Xəbər verildiyi kimi, Rumıniyanın paytaxtı Buxarest şəhərində “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə 8-ci Nazirlər/Rəhbər Komitənin iclası keçirilib.
“Qafqazinfo” xəbər verir ki, müzakirələrdən sonra Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın sistem operatorları - “Azərenerji”, “Gürcüstan Dövlət Elektrosistem”, “Transelectrica”, MVM - arasında Birgə Müəssisənin Buxarest şəhərində yaradılmasını nəzərdə tutan “Səhmdar Müqaviləsi”, həmçinin iclasın yekunlarına dair Protokol imzalanıb.
Birgə Müəssisə və İşçi Qrupa müəyyən edilmiş müddət ərzində layihənin texniki-iqtisadi əsaslandırmasının tamamlanması üçün Məsləhətçi şirkətlə birgə prosesləri sürətləndirmək, nazirlərin növbəti görüşünədək Birgə Müəssisənin fəaliyyət planının hazırlanması və layihə üzrə biznes modellərlə bağlı məsləhətləşmələrə başlamaq tapşırılıb. Maraqlıdır, bu layihənin əsas məqsədi nədir və bunun Azərbaycana xeyiri nə olacaq?
“AzərEnerji” ASC-dən sorğuya cavab olaraq bildirilib ki, sazişə əsasən, Xəzər dənizi hövzəsində yaradılacaq bərpa olunan enerji mənbələrində istehsal olunan yaşıl enerjinin Azərbaycandan Gürcüstana, oradan isə kabel xətti ilə Qara dənizin altından keçməklə Rumıniya və Macarıstana, oradan isə Avropa Birliyi ölkələrinə ötürülməsi, bununla da “Xəzər-Avropa Birliyi Yaşıl Enerji Dəhlizi”nin yaradılması mümkün olacaq:
“Bu isə sözsüz ki, Azərbaycanda yaşıl enerjinin əhatəsinin genişləndirilməsi, ixrac imkanlarımızın böyük həcmdə artırılması, enerji təhlükəsizliyinin gücləndirilməsi, Avropa ölkələri ilə strateji tərəfdaşlığın möhkəmləndirilməsi, küllü miqdarda vəsaitin ölkəyə daxil olması və digər aspektlərdən olduqca əhəmiyyətlidir”.
Mənbə: qafqazinfo.az