COP29 və "Yaşıl dünya naminə həmrəylik ili" ilə əlaqədar olaraq Naxçıvanda veloyürüş keçirilib.
İdman.biz xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi, yerli Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin birgə təşkilatçılığı ilə reallaşan kütləvi-mədəni idman aksiyasında yaşı 14-dən yuxarı olan 250-dən çox insan öz velosipedi ilə iştirak edib.
Tədbirə iştirakçı və ya tamaşaçı qismində xeyli sayda şəhər sakini, dövlət və özəl təşkilat rəsmiləri, müxtəlif qurumların əməkdaşları da qatılıb.
"Saat Meydanı" İstirahət Mərkəzində veloyürüşün açılış mərasimi təşkil olunub. Əvvəlcə şəhidlərimizin əziz xatirəsi yad olunub, Dövlət Himni səsləsləndirilib. Mərasimdə çıxış edən Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyətlərinin müvəqqəti icraçısı, nazir müavini Məcid Seyidov iştirakçıları salamlayaraq respublikamız üçün aktual olan ekoloji problemlərin davamlı həlli istiqamətində ümummilli lider Heydər Əliyevdən başlayaraq Prezident İlham Əliyevin rəhbərliyində böyük işlər həyata keçirildiyini xatırladıb, ölkəmizin iqlim dəyişiklikləri ilə mübarizədə dünya müstəvisində aparıcı mövqeyə malik olduğunu deyib.
Qeyd olunub ki, noyabrda Azərbaycanın COP29 kimi mötəbər konfransa ev sahibliyi etməsi 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması və ümumilikdə bu sahədə atılan adımlar onu göstərir ki, dövlətimiz ekoloji mühafizə məsələsinə, həm də beynəlmiləl müstəvidən baxır. Ölkəmizdə “yaşıl enerji” zonası elan olunan Naxçıvan Muxtar Respublikasında da bu sahədə mühüm işlərin həyata keçirildiyini diqqətə çatdıran Məcid Seyidov əlavə edib ki, bugünkü veloyürüş yalnız insanların sağlam həyat tərzinə və ya ekoloji təmiz nəqliyyat vasitəsi kimi velosipeddən istifadəyə təşviqinə deyil, eyni zamanda cəmiyyətin diqqətini ekoloji problemlərə yönəltmək, bununla mübarizədə birlik, həmrəylik nümayiş etdirməkdir.
Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi istiqamətində görülən işlər barədə danışıb, veloyürüşlə bağlı təəssüratlarını bölüşüb. Şəhər sakinlərinin ekoloji biliklərinin artırılması, əhalinin mühafizə prosesindəki rolunun artırılması, velosipeddən istifadənin gündəlik həyat tərzinə çevrilməsi üçün maarifləndirici tədbirlərin davam etdirildiyini vurğulayıb. Dövrün aktual ekoloji problemləri ilə mübarizədə ekonəqliyyata keçid və bu prosesdə velosipeddən istifadənin önəmi ifadə olunub.
Mərasimin ardınca iştirakçılar start xəttinə dəvət olunub və yürüşə start verilib. İştirakçılar təyin olunmuş bir dövrəlik marşrut üzrə 8000 metr məsafə qət edib. Nəticələrə gəlincə, kişilər arasında Asiman Cabbarov, qadınlarda isə Zöhrə Sadiqova finişə birinci çatıblar. Cavid Qasımlı və Fatimə Məmmədli ikinci, Elvin Mikayılzadə ilə Aydan Qasımlı üçüncü olublar.
İlk üç yerin sahiblərinə nazirliyin diplom və medalları, eləcə də sponsorların hədiyyələri təqdim olunub.
İdman.biz