AZ

2025-2029-cu illərə dair strategiya...

Dünya Bankı Tərəfdaşlıq Çərçivəsi hazırlayır

Baş nazir Əli Əsədovun Dünya Bankı (DB) Qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) Avropa üzrə Regional Direktoru İnes Roşanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə Azərbaycanla DB arasında uzunmüddətli səmərəli tərəfdaşlığın mövcud vəziyyəti müzakirə olunub. Dünya Bankının Azərbaycanla qarşıdakı illərə dair strateji əməkdaşlığını nəzərdə tutan Ölkə Tərəfdaşlıq Çərçivəsinin (ÖTÇ) əhəmiyyətinə toxunulub. 2025-2029-cu illəri əhatə edəcək yeni ÖTÇ-nin ikitərəfli əməkdaşlığın daha güclənməsinə, o cümlədən dövlət-özəl tərəfdaşlığının güclənməsi, xarici investisiyaların cəlb olunması, biznesə maliyyə dəstəyinin artrılmasına müsbət təsir edəcəyi vurğulanıb.

Ölkə Tərəfdaşlıq Çərçivəsi nədir?

Azərbaycan hökuməti ilə Dünya Bankının qarşıdakı illərə dair hədəflərini müəyyənləşdirən Ölkə Tərəfdaşlıq Çərçivəsi Azərbaycanın yeni inkişaf prioritetləri və çağırışlarını əks etdirir. Sənədin əsas istiqamətləri neft və qaz gəlirlərindən asılılığın azaldılması və qeyri-neft mənbələrinin genişləndirilməsi, mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi yolu ilə iqtisadi artımın təmin edilməsi, qeyri-neft gəlirlərinin şaxələndirilməsi ilə gəlirlərin insan kapitalına yönəldilməsi, sosial rifahın yaxşılaşdırılması, həmçinin həssas qrupların əmək bazarına çıxış imkanlarının artırılmasından ibarətdir. Həmçinin, bir sıra sahələrdə hələ də yenidən qurulmasına ehtiyac duyulan infrastrukturun əsaslı bərpası, xüsusilə də sosial infrastruktur təminatlarının yaxşılaşdırılması üçün müasir texnoloji idarəetmənin qurulması sənədin prioritetləri sırasında yer alır. 

ÖTÇ-nin digər strateji məqsədi idarəçilik, insan kapitalı və kommunikasiya bağlantılarının əlaqələndirilməsi və insanların ortaq rifahının təşviqindən ibarətdir.

Ümumilikdə, ÖTÇ sənədi Dünya Bankı ilə Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə hazırlanmış Yol Xəritəsi ilə uyğunlaşdırılmaqla regional və qlobal çağırışlara töhfə verəcək, eləcə də özəl sektorun inkişafını gücləndirmək və özəl kapitalı səfərbər etmək imkanlarını müəyyən edəcək. DB və BMK həmin prioritetləri dəstəkləmək üçün texniki yardım və maliyyə təminatı qismində çıxış edəcək.

DB ilə Azərbaycan arasında əməkdaşlığın yeni gündəliyində duran əsas trendlərdən biri iqlim dəyişikliklərinə qarşı mübarizə, “yaşıl iqtisadiyyat” və “yaşıl enerji”  sahəsində yeni layihələrin icrasıdır. ÖTÇ bu baxımdan həmin çağırışların da yerinə yetirilməsində əhəmiyyətli rol oynayacaq. Bu hədəflərin icrasında  Dünya Bankı Qrupunun əsas maliyyə strukturlarından biri olan Beynəlxalq Maliyyə Korporasiyasının üzərinə öhdəliklər düşəcək. Korporasiya “yaşıl maliyyə”nin əsas donoru olmaqla bərpa olunan enerji və hidreogen infrastrukturlarını maliyyələşdirəcək. Bir müddət əvvəl BMK ilə Azərbaycan hökuməti arasında dənizdə külək enerjisi resursundan istifadə üzrə əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb və bu sənəd DB-nin ilk “yaşıl sərmayə” llayihələrindən biri hesab oluna bilər.

Bank daha çox “yaşıl sərmayələr” xərcləyəcək

Dünya Bankı “yaşıl maliyyə”nin tətbiqində Azərbaycana institisional dəstək vermək, yeni maliyyə alətlərinin genişlənməsində beynəlxalq təcrübənin mənimsənilməsinə yardım etmək niyyətindədir. Mərkəzi Bankla razılığa əsasən, “yaşıl maliyyə” bazarının inkişaf etdirilməsi istiqamətində müvafiq planlar icra olunacaq.

DB özü isə birbaşa sərmayədar kimi çıxış edərək günəş və hidrogen infrastrukturlarının yenidən qurulmasını maliyyələşdirmək niyyətindədir. Bank Azərbaycanda 760 MVt gücündə Bankə və Biləsuvar günəş enerjisi layihələrinin enerji sisteminə qoşulması, günəş panelləri infrastrukturunun genişləndirilməsi, “yaşıl hidrogen” istehsalı və digər bərpa olunan sahələrə investisiyaların qoyuluşunda açıq olduğunu bəyan edib. Ümumilikdə, Dünya Bankı 2027-ci ilədək ölkəmizdə 8 külək və Günəş elektrik stansiyalarının qurulması və enerji sisteminə inteqrasiyası məqsədilə maliyyə dəstəyini göstərəcək. Həmçinin, işğaldan azad olunmuş ərazilərdə bərpa olunan enerji mənbələrinə sərmayələrin yönəldilməsi, “ağıllı şəhər və ağıllı kənd” konsepsiyalarının tətbiqində “yaşıl texnologiyalar”ın və “yaşıl enerji zonası” layihələrinin icrasında da yaxından iştirak etmək marağını ifadə edib.

DB, həmçinin, bərpa olunan enerjinin ixracında və regional “yaşıl enerji” dəhlizinin yaradılmasında da maliyyə təminatçısı olmaq niyyətini bəyan edib. “Xəzər-Qara dəniz-Avropa” yaşıl enerji dəhlizinin, növbəti illərdə dənizdə külək enerjisi potensialının artırılması üzrə əməkdaşlığın isə Azərbaycanın “yaşıl enerji”nin təchizatçısı olmaq niyyətini bəyan edib. Bankın TransXəzər “yaşıl enerji” dəhlizinin maliyyə təchizatçısı kimi donorluq imkanları da istisna deyil.

E.CƏFƏRLİ

Seçilən
181
50
yeniazerbaycan.com

10Mənbələr