Bu ilin yanvar-avqust aylarında Azərbaycana 40 ölkədən 17 946 aviareys təşkil olunub.
“İki sahil” Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8 ölkə (25 %) və 3 220 aviareys (21,8 %) çoxdur.
Hesabat dövründə Azərbaycana ən çox Rusiyadan uçuş həyata keçirilib - 5 226 reys. Bu da 1 il əvvələ nisbətən 15 % çoxdur.
8 ayda Rusiyadan sonra ən çox Azərbaycana Türkiyədən aviareys təşkil olunub. Bu ölkədən 3 972 uçuş olub ki, bu da illik müqayisədə 5,1 % çoxdur. İlk üçlüyə Birləşmiş Ərəb Əmirlikləri 2 095 reyslə (+35 %) daxil olub.
TOP-10-luğa həmçinin Gürcüstan 1 159 (+ 14,2 % ), Səudiyyə Ərəbistanı 503 (- 23,7 %) , Qazaxıstan 481 (- 8,5 %), Hindistan 371 ( + 4,8 dəfə), Qətər 345 (40,8 % çox), Küveyt 246 (+ 4,2 % ) və Özbəkistan 246 aviareyslə (- 41,7 %) daxildir.
Bu siyahıya bu il Hindistan daxil olaraq aviareyslərin sayına görə 7-ci yerdə qərarlaşıb, İsrail (282 aviareys, + 20,5 %) isə 11-ci yerə düşüb.
Təkcə avqustda isə Azərbaycana həyata keçirilən aviareyslərin sayı 1 il əvvələ nisbətən 19 % artaraq 2 835 təşkil edib. O cümlədən, ötən ay Rusiyadan 796 uçuş olub ki, bu da illik müqayisədə 21,7 % çoxdur.