AZ

Antiterror əməliyyatı və ermənilərin bundan çıxardığı nəticələr -ŞƏRH

Antiterror

Bakı, 7 sentyabr, AZƏRTAC

2023-cü ilin sentyabrında həyata keçirilən, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması məqsədi daşıyan antiterror əməliyyatı 44 günlük Vətən müharibəsi kimi, ölkəmizin məcbur qalaraq atdığı addımlardan biri idi. Çünki 30 ildən artıq müddətdə Azərbaycan qlobal güclərin nümayəndələrindən ibarət vasitəçilərin problemin sülh və danışıqlar yolu ilə həllinə nail olacaqlarına ümid edirdi və öz addımlarını buna uyğun atırdı. Amma danışıqlar prosesi uzandıqca rəsmi Bakı səylərin nəticəsiz qalacağına əmin oldu. Məlumdur ki, ATƏT-in Minsk qrupu vasitəçilikdən daha çox erməni təəssübkeşliyi ilə məşğul olmağa başlamışdı. Prezident İlham Əliyevin də çıxış və müsahibələrində dəfələrlə qeyd etdiyi kimi, ermənilər sonda o qədər həyasızlaşdılar ki, Azərbaycanın Qarabağı unutmağa hazır olması barədə bəyanatlar da verməyə başladılar. Azərbaycan isə bu zaman artıq öz taktikasını dəyişmişdi. Amma danışıqların müharibə ilə əvəz olunacağını heç kim gözləmirdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Əlimusa İbrahimov səsləndirib.

Azərbaycanın münaqişənin sülh yolu ilə həllinə sonadək sadiq qalmasına rəğmən, torpaqların müharibə yolu ilə azad olunması variantını da gündəlikdən çıxarmadığını vurğulayan politoloq nəticədə ölkə rəhbərliyinin ən doğru yol seçdiyinin bir daha sübut edildiyini bildirib. Antiterror əməliyyatının həyata keçirilməsi, daha doğrusu, Azərbaycanın növbəti dəfə hərbi vasitələrdən istifadə etməyə məcbur qalması ermənilərlə gücdən başqa heç bir dillə danışmağın mümkün olmadığını göstərdi. Əməliyyatın məqsədi Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağda Ermənistana tabe olan separatçı qüvvələrin nəzarəti altındakı hərbi hədəfləri zərərsizləşdirmək və bununla da ölkəmizin suverenliyini tam təmin etmək idi. Əməliyyat Qarabağdakı erməni qüvvələrin çox qısa müddətdə - cəmi 23 saata təslim edilməsi ilə nəticələndi. Qarabağda yaşayan ermənilər isə Azərbaycanın təklif etdiyi vətəndaşlıqdan imtina edərək separatçı rəhbərlərinin təkidi ilə öz ölkələrinə qayıtdılar.

Ə.İbrahimov diqqətə çatdırıb ki, Qarabağ klanının rəhbərləri ərazini tərk edən ermənilərdən baş nazir Nikol Paşinyana qarşı istifadə etmək məqsədi güdürdülər. Lakin Paşinyan ayıq tərpənərək Serj Sarkisyan-Robert Köçəryan cütlüyünün məqsədlərini, necə deyərlər, gözlərində qoydu. Hələ ki, Ermənistanda indiki hakimiyyətə qarşı Qarabağ erməniləri kartından ciddi şəkildə istifadə etmək mümkün olmayıb. Amma Ermənistan müxalifətinin yeni mövsümlə bağlı verdiyi anonslar bu köçkün məsələsinin anti-Azərbaycan qüvvələrin gündəliyindən çıxmadığını göstərir.

“44 günlük müharibə, ondan sonrakı antiterror əməliyyatından ermənilərin dərs çıxaracağı, qalan mübahisələrin danışıqlar masası arxasında müzakirəsinə daha çox üstünlük verəcəkləri hesab edilirdi. Amma Ermənistanda baş verən son hadisələr onların dərs çıxarmaq niyyətindən çox-çox uzaq olduğunu göstərir. Yenə Azərbaycana qarşı iddialar, sərhəddə baş verən təxribatlar, Fransadan alınan silahlar… Bütün bunlar ermənilərə yenidən dərs verməyin lazım gələcəyi fikrini meydana çıxarır. Bu dərslər zaman keçdikcə xroniki hala çevrilmirmi?

Nə etməli, Azərbaycan bundan sonra da verdiyi dərslərdən nəticə çıxarmayanları öyrətməkdə davam edəcək. Lap sona qədər”, - deyə politoloq vurğulayıb.

 

Seçilən
115
azertag.az

1Mənbələr