AZ

Slovakiya sensasiyaya imkan vermədi - İCMAL

Estoniya – Slovakiya oyunu meydan sahibi ölkənin standartlarına görə yetərincə gec – Bakıda saat 22.45-i göstərəndə başladı.

Yerli futbol qurumu bununla bağlı gileylənsə də, qitə futbol qurumu qərarını dəyişmədi. Təbii ki, oyunun yetərincə gec saatda başlaması meydan sahiblərinin zəif oyununa bəraət qazandıra bilməz. Millətlər Liqasının ötən mövsümündə D liqasında mübarizə aparan estonlar C liqasındakı ilk oyunda çox zəif təsir bağışladı.

Slovakların qapıçısı Dubravka ilk yarıda boş-bekar idi, çünki onun qapısına bir zərbə də vurulmadı. Dubravkanın həmkarı Heyn isə qan-tər içində zərbələri dəf edirdi. Bəzən onun köməyinə tir və dirək də çatırdı. Məsələn, sol cinah müdafiəçisi Hantskonun zərbəsi tirdən, Dudanın uzaq məsafədən zərbəsi isə dirəkdən döndü. Çoxsaylı hücumlardan yararlana bilməyən “şahinlər” az qala 2-ci hissənin ortalarında cəzalanacaqdı. Sappinen qapıya dəqiq zərbə vura bilmədi. Estoniyalı ön xətt oyunçularının bəzi cəhdlərini isə laysman ofsayd bayrağı ilə əngəllədi.

Qonaqların hücumları gec-tez bəhrəsini verməliydi ki, sonda elə belə də oldu. 70-ci dəqiqədə müdafiə xəttindəki boşluqdan yararlanan Suslov hesabı açdı. Onun milli formada 4-cü qolunu vurduğunu da xatırladaq, Beləliklə, səfərdə yeganə qolla qalib gələn Slovakiya bazar günü yığmamızı qəbul edəcək.

C liqası, 1-ci qrup
Azərbaycan – İsveç 1:3 (0:0)
Estoniya – Slovakiya 0:1 (0:0)
Estoniya: Heyn, Şenninq-Larsen, Y.Tamm, Mets, Lilander, Şayn, Aynsalu (Palumets, 69), Miller (Yakovlev, 78), A.Tamm (Vetkal, 69), Sappinen, Sinyavski (Saarma, 84).
Slovakiya: Dubravka, Pekarik (Dyomber, 90+2), Obert (Vavro, 65), Şkrinyar, Hantsko, Suslov, Duda (Riqo, 83), Beneş (Bero, 83), Haraslin, Lobotka, Bojenik (Strelets, 65).
Qol: Suslov, 70.
Vərəqələr: Obert, 28. A.Tamm, 38. Bojenik, 55. Vavro, 87. Şayn, 90. Dubravka, 90+5. Hantsko, 90+5 – sarı.
Hakim: Matey Yuq (Sloveniya).
5 sentyabr. Tallin. 6128 tamaşaçı.
8 sentyabr: Slovakiya – Azərbaycan, İsveç – Estoniya.

Seçilən
171
43
football-plus.az

10Mənbələr