AZ

“Azərbaycanım” beynəlxalq jurnalı - 20 il - Fotolar

Bakıda Landmark biznes-mərkəzində “Azərbaycanım” beynəlxalq jurnalının fəaliyyətinin 20 illiyinə həsr olunmuş yubiley tədbiri və tədbir çərçivəsində “Qərbi Azərbaycan və Qarabağ Ensiklopediyası” kitabının təqdimat mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, öncə tədbir iştirakçıları müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət edərək onun məzarı önünə əklil qoyaraq, ulu öndərin xatirəsini ehtiramla anıblar.

Sonra tədbir iştirakçıları Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə əkilil və gül qoyublar.

Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi, tanınmış şair və tərcüməçi Səlim Babullaoğlu “Azərbaycanım” beynəlxalq jurnalının 20 illik fəaliyyəti ərzində qazandığı uğurlar barədə geniş söhbət açıb və “Qərbi Azərbaycan və Qarabağ Ensiklopediyası” kitabının müəllifi, “Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının akademiki Emil Nəsirlini hər iki mötəbər tədbir münasibətilə təbrik edib. Sonra Səlim Babullaoğlu sözü Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anara verib.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar bildirib ki, sevindirici haldır ki , jurnal öz səhifələrində Azərbaycanın qədim və zəngin mədəniyyəti, incəsənəti, dini tolerantlığı, dəyərlərimizi, qədim adət-ənənələri, ölkədə gedən hərtərəfli inkişaf, tikinti, abadlıq və quruculuq işlərini əks etdirən maraqlı yazılara geniş yer ayırıb. Bununla yanaşı, jurnalda respublikamızda baş verən ictimai-siyasi, sosial-iqtisadi və mədəni proseslər, dünyanın nüfuzlu şəxsiyyətləri, tanınmış iş adamları, siyasətçilər, Azərbaycanın dostları və digər sahələrdə çalışan insanlar haqqında çoxsaylı yazılar dərc olunub.Xalq yazıçısı Anar eyni zamanda ötən müddət ərzində jurnalın beynəlxalq əlaqələrinin əhəmiyyətindən bəhs edib, “Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru Emil Nəsirlinin Azərbaycan Yazıçılar Birliyinin üzvü olduğunu qeyd edib, onun müəllifi olduğu “Qərbi Azərbaycan və Qarabağ Ensiklopediyası” kitabının əhəmiyyətindən danışıb.

Tədbirdə çıxış edən “Qərbi Azərbaycan və Qarabağ Ensiklopediyası” kitabının müəllifi, “Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru Beynəlxalq Elmlər Akademiyasının Akademiki Emil Nəsirli bildirib ki, fəaliyyət göstərdiyi 20 il ərzində bir sıra uğurlara imza atmış “Azərbaycanım” beynəlxalq jurnalının kollektivi Prezident İlham Əliyevin əhalinin rifah halının yüksəldilməsinə yönəlmiş sosial-iqtisadi inkişaf strategiyasını, ölkəmizin beynəlxalq məkanda mövqeyini, tarixini, mədəniyyətini, incəsənətini, həmçinin Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə dolğun şəkildə çatdırılması sahəsində bundan sonra da mühüm nailiyyətlərə imza atmaq əzmindədir.

Emil Nəsirli onu da qeyd edib ki, bu gün tərtib edərək nəfis şəkildə çap etdirdiyim “Qərbi Azərbaycan və Qarabağ Ensiklopediyası” kitabını Sizlərə təqdim etməkdən qürur duyuram. Çünki bu kitabda Azərbaycanın ən qədim və zəngin tarixə malik bölgələrindən olan, indi Ermənistan Respublikası adlandırılan ərazini əhatə edən Qərbi Azərbaycanın və həm tarixi, həm hüquqi nöqteyi-nəzərdən əzəli Azərbaycan torpağı olan Qarabağın antik dövrlərdən son illərə qədərki tarixi, coğrafiyası, içtimai-siyasi, sosial-iqtisadi həyatı, bölgədəki etnogenez prosesləri, müxtəlif dövrlərdə azərbaycanlıların məskunlaşmasının hansı tarixi şəraitdə baş verməsi, deportasiyaların hüquqi aspektləri, bu aksiyaya məruz qalmış insanların taleyi, xalqımızın tarixi və mədəni irsi, onların ermənilər tərəfindən saxtalaşdırılması, xristianlıq dövrünə aid olan abidələrimizin erməniləşdirilməsi, müsəlman abidələrimizin məhv edilməsi, tarixi yer adlarımızın, toponimlərimizin dəyişdirilməsi, memarlıq abidələri və onların aqibəti, sənətkarlıq nümunələri, ictimai-siyasi, elm, təhsil və mədəniyyət xadimləri, həmçinin Birinci Qarabağ Müharibəsi və 44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən ümumilikdə, 300-dən çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, dövlət başçısı tərəfindən işğaldan azad olunmuş ərazilərdə irimiqyaslı yenidənqurma, bərpa-quruculuq işləri və s. barədə qədim və orta əsrlərə aid mənbələr, arxiv materialları, müasir dövrə aid informasiyalar əsasında ətraflı və obyektiv ensiklopedik məlumatlar əks olunub.

Emil Nəsirli söyləyib ki, xüsusi vurğulanmalıdır ki, 2022-ci il dekabrın 24-də Prezident İlham Əliyevin Qərbi Azərbaycan icmasının inzibati binasında bir qrup ziyalılarla görüşü əzəli yurd yerimizə qayıtmaq əzmini daha da gücləndirdi. Həmin tarixi tədbirdə dövlət başçısı ermənilərin deportasiyaya məruz qoyduqları insanların öz ata-baba torpaqlarına qayıdışının reallaşacağını bəyan edib.

Baş redaktor onu da əlavə edib ki, Qərbi Azərbaycan İcması yurd yerlərimizə qayıdış üçün soydaşlarımız arasında və beynəlxalq təşkilatlar əsaslı işlər görür. Belə ki, Böyük Qayıdış Konsepsiyasının ərsəyə gətirilməsi bu çərçivədə əsaslı tədbirlər görüldüyünün sübutudur. Qərbi Azərbaycan İcmasının hazırladığı Konsepsiya hər kəsə mesaj verir ki, sülh yolu və beynəlxalq hüquq, beynəlxalq təcrübələrdən istifadə edərək, tarixi Azərbaycan torpaqlarında doğulub, yaşamış, etnik təmizləməyə, soyqırımına, deportasiyalara məruz qalmış minlərlə soydaşımızın itirilmiş hüquqları bərpa edilməlidir. Bütün bunlar soydaşlarımızın sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə geri qayıtmaq istiqamətində həyata keçirilən fəaliyyəti davam etdirməyə daha da ruhlandırır.

Çıxışının sonunda Emil Nəsirli vurğulayıb ki, “Qərbi Azərbaycan və Qarabağ Ensiklopediyası” gərgin zəhmətin, bəhrəsi olaraq Vətənimizin gözəl hər iki tarixi bölgəsi haqqında ətraflı məlumat verən mənbə kimi çox əhəmiyyətlidir.

Mərasimdə Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev,, Fizika-riyaziyyat elmləri namizədi, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, Noosfer İctimai Elmlər Akademiyasının birinci vitse-prezidenti, akademik Heydər İmanov, görkəmli yazıçı, dövlət və siyasi xadimi, Qırğızıstan Yazıçılar Birliyinin sədri cənab İmanəliyev Kanıbek Kapaşeviç, Çingiz Aytmatov adına Beynəlxalq İssık-Kul Forumunun vitse-prezidenti Xanım Anara Nasirova, Qazaxıstan Yazıçılar Birliyinin sədr müavini cənab Jakip Baurjan, Qazaxstanın ictimai xadimi Xanım Nəsihə Qumarovna Kenjina, Qaraqalpaqıstan Respublikası Yazıçılar Birliyinin sədri, Özbəkistanın xalq yazıçısı cənab Kərimov Kenes Aytmuratoviç, Moldovanın İctimai Palatasının sədri, ictimai xadim Xanım Aureliya Qriqoriu, Belarusiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Andrey Ravkov, Tacikistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab İlxom Abduraxmon, Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan seksiyasının Prezidenti, professor Elçin Xəlilov və “Ukrayna Azərbaycanlıları Alimlər Şurası” İctimai Təşkilatının sədri, hüquq elmləri doktoru, Ukraynanın Əməkdar təhsil işçisi, “Odessa Hüquq Akademiyası” Milli Universitetinin Kiyev Əqli Mülkiyyət və Hüquq Universitetinin professoru, Ukrayna Ali Təhsil Milli Elmlər Akademiyasının akademiki Arif Quliyev çıxış edərək  “Azərbaycanım” beynəlxalq jurnalının fəaliyyətinin 20 illiyi münasibəti ilə jurnalın kollektivini təbrik edib,onlara gələcək fəaliyyətlərində yeni uğurlar arzulayıblar.

Tədbirdə “Azərbaycanım” Beynəlxalq jurnalının Baş redaktoru Emil Nəsirlini Azərbaycan Yazıçılar Birliyinin Sədri, Xalq yazıçısı Anar Azərbaycan Yazıçılar Birliyinin Diplomu ilə təltif edib.

Daha sonra Qırğızıstan Yazıçılar Birliyinin sədri cənab İmanəliyev Kanıbek Kapaşeviç “Azərbaycanım” Beynəlxalq jurnalının Baş redaktoru Emil Nəsirliyə Qırğızıstan Yazıçıları Birliyinin Fəxri üzvü vəsiqəsini  və  “Xidmətlərə görə medalı”nı təqdim edib.

Qazaxıstan Yazıçılar Birliyinin sədr müavini cənab Jakip Baurjan, “Azərbaycanım” Beynəlxalq jurnalının Baş redaktoru Emil Nəsirliyə Qazaxıstan Yazıçıları Birliyinin üzvü vəsiqəsini təqdim edib.

Qaraqalpaqıstan Respublikası Yazıçılar Birliyinin sədri, Özbəkistanın xalq yazıçısı cənab Kərimov Kenes Aytmuratoviç, “Azərbaycanım” Beynəlxalq jurnalının Baş redaktoru Emil Nəsirliyə Qaraqalpaqıstan Respublikası Yazıçılar Birliyinin üzvü vəsiqəsini və Qaraqalpaqıstan Respublikasının Milli geyimini  təqdim edib.

Tacikistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab İlxom Abduraxmon “Azərbaycanım” Beynəlxalq jurnalının Baş redaktoru Emil Nəsirliyə Tacikistan Respublikası Yazıçılar Birliyinin üzvü vəsiqəsini təqdim edib.

Çingiz Aytmatov adına Beynəlxalq İssık-Kul Forumunun vitse-prezidenti Xanım Anara Nasirova, “Azərbaycanım” Beynəlxalq jurnalının Baş redaktoru Emil Nəsirliyə Çingiz Aytmatov adına “Orden” verib.

Qazaxıstan Milli Elmlər Akademiyasının Akademiki, şair,  Qazaxıstan Yazıçılar Birliyinin sədr müavini cənab Jakip Baurjan, “Azərbaycanım” Beynəlxalq jurnalının Baş redaktoru Emil Nəsirliyə Qazaxıstan Yazıçılar Birliyinin üzvi vəsiqısini və Qazaxıstanın Milli geyimini təqdim edib.

Moldovanın İctimai Palatasının sədri, ictimai xadim Xanım Aureliya Qriqoriu, “Azərbaycanım” Beynəlxalq jurnalının Baş redaktoru Emil Nəsirliyə Moldovanın simvolu olan hədiyyəni təqdim edib.

Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, Noosfer İctimai Elmlər Akademiyasının birinci vitse-prezidenti, akademik Heydər İmanov çıxış edərək “Azərbaycanım” Beynəlxalq jurnalının Baş redaktoru Emil Nəsirliyə Noosfer İctimai Elmlər Akademiyasının “Həqiqi üzvü” diplomunu təqdim edib.

Belarusiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Andrey Ravkov, “Azərbaycanım” Beynəlxalq jurnalının Baş redaktoru Emil Nəsirliyə Belarusiya Səfirliyinin Fəxri Diplomunu təqdim edib.

Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan seksiyasının Prezidenti, professor Elçin Xəlilov , “Azərbaycanım” Beynəlxalq jurnalının Baş redaktoru Emil Nəsirliyə Beynəlxalq Elmlər Akademiyasının ordenini və Ensiklopediya Nəşriyyatının direktoru, “Azərbaycanım” Beynəlxalq jurnalının Birinci müavini Fikrət Nağıyevə Beynəlxalq Elmlər Akademiyasının Müxbir üzvü vəsiqəsini təqdim edib.

“Ukrayna Azərbaycanlıları Alimlər Şurası” İctimai Təşkilatının sədri, hüquq elmləri doktoru, Ukraynanın Əməkdar təhsil işçisi, “Odessa Hüquq Akademiyası” Milli Universitetinin Kiyev Əqli Mülkiyyət və Hüquq Universitetinin professoru, Ukrayna Ali Təhsil Milli Elmlər Akademiyasının akademiki Arif Quliyev, “Azərbaycanım” Beynəlxalq jurnalının Baş redaktoru Emil Nəsirliyə “Ukrayna-Azərbaycan” əlaqələri hüquq və politika Diplomatiyası kitabının 5-ci cildini təqdim edib.

Tədbirin sonunda “Azərbaycanım” Beynəlxalq jurnalının 20 illik yubileyinə həsr olunmuş sənədli film təqdim olunub.


























Seçilən
63
2
qafqazinfo.az

3Mənbələr