Son zamanlarda televiziya kanallarında xüsusilə şou proqramlarda reytinq xatirinə guya tamaşıçı marağını cəlb edən, əslində isə tamam başqa məqsədlərə xidmət edən ssenarilər qurulur. Şou-biznes nümayəndələrinin bayağı ifaları ilə tamaşaçı zövqünün korlanması bir tərəfdə, digər məqam həm də onların bahalı həyat tərzinin açıq şəkildə reklam edilərək cəmiyyətə az qala nümunə kimi təqdim edilməsidir. Mövzu ilə bağlı psixoloq və münasibətlər üzrə mütəxəssis Elnarə Kərimova Medicina.az -a açıqlama verib. O bildirib ki, bu qəbildən olan proqramlar müxtəlif yaş qruplarından olan tamaşaçılara fərqli təsir göstərir: “Məsələn, bu yaxınlarda belə proqramlardan bir səhnə qarşıma çıxdı. Müğənni xanımdan geyiminin, taxdığı zinət əşyalarının qiyməti bir-bir soruşulur və sonradan hamısının qiyməti hesablanırdı. Həmin xanım da böyük həvəslə taxdığı bütün zinət əşyalarının dəyirini sadaladı, hər biri üçün 3-5 min manat və ya dollar qiymət çıxartdı. Bununla da kifayətlənməyib kənara qoyduğu çantasını gətirtdi, qiymətini dedi, inandırıcı olsun deyə çantanın markasını söylədi. Daha sonra isə inandırcı olsun deyə əliylə marka adını göstərdi. Həmçinin, hansısa müğənni və ya bloqer hər gün bahalı həyat tərzini, istirahət etdiyi otelləri, geyindiyi marka paltarları nümayiş etdirir, canlı yayımlara çıxır. Bu, mənim gördüyüm səhnədir, əminəm ki, başqa tamaşaçılar da belə səhnələri izləyiblər. Bu səhnəyə baxan, əvvəlcə təhsil alıb daha sonra hansısa dövlət qurumunda 500-600 manat maaşla işləyən yetkin biri buna fikir verməyə bilər, amma əgər insan psixologiyasından danışırqsa keçici də olsa həmin tamaşaçıda “Mənim təhsilim, işim nəyə yaradı?” düşüncəsi yaranır. Bu, yetkin insanın münasibətidir”. Həmsöhbətimiz əlavə edib ki, bütün tamaşaçılar yetkin deyil və gördüklərinə münasibətləri də fərdi olur: “Bir anlıq bu görüntüləri təshil almaq imkanı olmayan, öz ayaqları üstündə dayana bilməyən, həyatının bütün dönəmlərində başqalarından maddi cəhətdən asılı vəziyyətdə yaşamış insana təsiri qiymətləndirək. Bu şəxs yaşadığı vəziyyətin günahını təkcə özündə görmür, həm də ona belə imkanla təqdim etməyən başqalarında, daha çox ailəsində, ata-anasında, həyat yoldaşında görür. Bu da sonu xoşagəlməz nəticələr doğuran ilk addımlara, mübahisələrə, ayrılıqlara, hətta bəzən faciələrə gətirib çıxarır. Yəni şou xatirinə, reytinq qazanmaq, bu reytinqin sonunda evinə çörək pulu aparmaq məqsədləri üçün təqdim olunanlar əslində cəmiyyətin kökünü laxladır”. Psixoloq bu qəbildən görüntülərin xüsusilə uşaqların gələcək seçimində təsir imkanına malik olduğunu deyib: “İnsan heç də bütün yaş dövrlərində ağıllı qərar vermək qabiliyyəinə malik olmur. Əvvəllər hər şeyə nail olmağın yolu kimi təhsil göstərilirdi, bu təbliğ edilirdi. İndi isə hər şeyi qazanmağın belə asan yolları təbliğ edilir və uşaqlar, yeniyetmələr illərlə məktəbə, repetitor yanına, işə qəbul imtahanına ayaq döyməkdənsə müğənni, bloqer, artist olmaqla daha lüks həyat yaşaya biləcəklərini zənn edirlər. Üstəlik, bu, elə şəraitdə baş verir ki, illərlə böyük səhnədə can qoyan, istedadlı sənətkarlar arxa planda qalır, onların yerini məhz “artistlik edənlər” tutur. Cəmiyyətə təsir edən amillərdən danışarkən bu məqamları gözardı etmək olmaz və cəmiyyətin formalaşmasında diqqətdən qaçan hər belə məqam sonunda “Uşaqlarımıza nə oldu?”, “İndiki gənclər...”, “Niyə boşanmalar nikahlardan çoxdur?”, “Qətillər niyə artır?” kimi müzakirlərin artmasında səbəblərdən birinə çevrilir. Yəni gözümüzün görüb qulağımıın eşitdiyi hər şey bizə təir göstərir, təsirin dərəcəsindən asılı olaraq sonrakı reaksiyalarımız formalaşır. Biri üçün adi görünən məqam başqası üçün həyat prinsipi olur”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta