AZ

Azərbaycanda yenilik: Xüsusi təyinatlıların ipoteka kreditini dövlət ödəyəcək – PREZİDENTDƏN FƏRMAN

Azərbaycanda hərbçilərə daha bir dövlət dəstəyi başlayır. Bu dəfəki güzəştlər məxsusi olaraq xüsusi təyinatlılara tətbiq ediləcək.

Prezident İlham Əliyevin imzaladığı yeni fərmana əsasən dövlət ipoteka krediti ilə ev alan xüsusi təyinatlıların aylıq kredit ödənişinin yarısını dövlət ödəyəcək. Bundan başqa, xüsusi təyinatlılar ipoteka krediti götürərkən ilkin ödənişi də dövlət edəcək, gələcəkdə isə xüsusi təyinatlılara krediti bağlamaq üçün daha bir dəfə maddi dəstək veriləcək.

Bütün bunlar prezidentin fərman ilə təsdiqlənmiş yeni sənəddə – «Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almış hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət tərəfindən maliyyə dəstəyi göstərilməsi QAYDASI»nda əksini tapıb.

Bu qayda xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almış hərbi qulluqçulara verilən İpoteka Fondu tərəfindən verilən güzəştli ipoteka kreditlərinə dövlət dəstəyini əhatə edir.

Bunlara - Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki Heydər Əliyev adına Hərbi İnstitutun bakalavriat səviyyəsində, o cümlədən bakalavriat səviyyəsinin hazırlıq kursunda, Bakı Hərbi Kollecində, Gəncə Hərbi Kollecində və Naxçıvan Hərbi Kollecində təhsil almış hərbi qulluqçular aiddir.

Qaydaya görə, ipoteka kreditində dövlət dəstəyi 2024–2025-ci tədris ilindən başlayaraq xüsusi təyinatlı təhsil müəssisələrində təhsil alan və məzun olduqdan sonra Azərbaycan Ordusunda 5 təqvim ili zabit və ya gizir kimi həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara aid olacaq.

Dövlətin bu hərbçilərə dəstəyi kredit götürərkən ilkin ödənəş və aylıq ödənişin bir hissəsinin ödənilməsindən ibarətdir.

Qaydaya görə, xüsusi təyinatlıları ipotepka krediti götürəndə ilkin ödəniş dövlət tərəfindən edilə bilər, bu məbləğ alınan evin qiymətinin 15%-i qədər ola bilər, amma 15 min manatı keçməməlidir.

Bundan başqa, kredit üzrə aylıq ödənişlərin 50%-ni də dövlət ödəyəcək.

Qaydaya görə, hərbçilər bu imkandan yalnız bir dəfə  istifadə edə biləcəklər, bunun üçün kreditin müddəti 15 ildən artıq olmalıdır.

Yeri gəlmişkən, bu güzəştdən 2024–2025-ci tədris ilindən başlayaraq dövlətlərarası müqavilə əsasında xarici ölkələrin xüsusi təyinatlı təhsil müəssisələrində təhsil alan və məzun olduqdan sonra Azərbaycan Ordusunda 5  təqvim ili zabit və ya gizir  kimi həqiqi hərbi xidmət keçən Azərbaycan hərbi qulluqçuları da istifadə edə biləcəklər.

Qeyd edək ki, İpoteka və Kredit Zəmanət Fondu və və müvəkkil bank (yəni ipoteka krediti verən bank) arasında informasiya mübadiləsi Elektron Hökumət İnformasiya Sistemi üzərindən “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsilə həyata keçirilir.

Hərbçilərin kredit güzəştindən istifadə edə bilməsi üçün Müdafiə Nazirliyinə də bu sistemə qoşulmaq imkanı yaradılacaq.

Hər ilin əvvəlində Müdafiə Nazirliyi hərbçilərə dəstək məqsədilə tələb oluna biləcək məbləğ barədə Maliyyə Nazirliyinə müraciət edəcək və həmin vaəsait Müdafiə Nazirliyinə köçürüləcək.

2024–2025-ci tədris ilindən başlayaraq xüsusi təyinatlı təhsil müəssisələrində təhsil aldıqdan sonra məzun olan Azərbaycan Ordusunun hərbi qulluqçuları həqiqi hərbi xidmət müddətinin 5 təqvim ilini tamamlamadan güzəştli ipoteka krediti hüququndan istifadə etdikləri təqdirdə, onlar da Nazirliyə yazılı formada ərizə ilə müraciət edərək sonradan maliyyə dəstəyi ala bilərlər. Şər budur ki, onlar həqiqi hərbi xidmət müddətinin 5 təqvim ilini tamamlasınlar.

Sonradan maliyyələşmə nə deməkdir?

Sonradan maliyyələşməyə əsasən hərbçi ev alanda ödədiyi ilkin ödənişi sonradan nazirlikdən geri ala bilər, eləcə də ona yuxarıda göstərilən formada aylıq ödənişlərdə dəstək verilə bilər.

Yeganə şərt ondan ibarətdir ki, hərbçi ipoteka üzrə aylıq ödənişin öz üzərinə düşən hissəsini intizamla ödəsin. Əks halda dövlət dəstəyi dayandırılacaq.

Seçilən
140
2
fed.az

8Mənbələr