Tanınmış jurnalist Hidayət Elvüsal vəfat edib.
Bu barədə Qulu Məhərrəmli sosial şəbəkədə məlumat verib.
Qulu Məhərrəmli bildirib ki, Hidayət Elvüsal dövrünün ən gözəl jurnalistlərindən biri idi: “Hidayətin özünəxas üslubu var idi. “Səhər” qəzetində müəllifi olduğu “Belə-belə işlər” rubrikası çox maraqla qarşılanırdı. Azərbaycan dilinin imkanlarından məharətlə istifadə edirdi. Ruhu şad olsun”.
Qeyd edək ki, Hidayət Yunis oğlu Elvüsal 1949-cu ildə Kəlbəcər rayonunda anadan olub.
1968-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Jurnalistika fakültəsinə daxil olub. Universitetdə oxuduğu illərdə Kəlbəcərdə çıxan “Yenilik” qəzetində və yerli radioda çalışıb. Sonrakı illərdə “Azərbaycan gəncləri”, “Kommunist”, “Səhər” və başqa qəzetlərdə işləyib.
Ötən əsrin 90-cı illərinin əvvəllərində böyük populyarlıq qazanmış “Səhər” qəzetinin yaradıcılarından biri olan H.Elvüsal nəşrdə baş redaktorun müavini kimi fəaliyyət göstərib. Onun “Belə-belə işlər” və “Kriminal” qəzetlərinə də rəhbərlik etdiyini, dövri mətbuatda oçerkləri, müsahibə və reportajları, hekayə və povestləri ilə tanınıb.
H.Elvüsal şair Şücaətin qardaşı idi.