Belə biabırçı vəziyyət təkcə metro keçidlərində yox, hər yerdə müşahidə olunur
“Əlac ona qalıb ki, hər yerə müşahidə kamerası və ya nəzarətçilər yerləşdirək, zibili yerə atanların kimliyini müəyyənləşdirib, cərimələyək”
Son dövrlər ətraf mühitin çirklənməsi, bəzi ekoloji problemlərin çoxalması hər kəsi narahat etməyə başlayıb.
Şəhərin hər köşəsində zibil qablarının olmasına baxmayaraq, mərkəzi küçələrdə belə yerdə zibil qalıqları ilə rastlaşmaq mümkündür. İnsanların tullantıları bunun üçün ayrılmış qutulara atması istiqamətində hər dəfə daha təkmilləşdirilmiş addımlar atılsa da, ətraf mühitin məişət tullantıları ilə bağlı problemi bitmək bilmir.
Bu günlərdə metronun “20 Yanvar” stansiyasının keçidi ilə bağlı xoşagəlməz bir video paylaşıldı. Keçiddə sözün həqiqi mənasında zibil dizə çıxırdı.
Qeyd edək ki, bir neçə gün əvvəl heç bir səbəb göstərilmədən həmin ərazidəki bütün mağazalar bağlanıb. Alış-veriş tamamilə dayandırılıb. Mağazalar fəaliyyət göstərdiyi vaxtı həmişə təmiz və səliqəli olan ərazi hazırda zibilxanaya çevrilib.
Metronun “20 Yanvar” stansiyasının keçidinin acınacaqlı durumda olması ilə bağlı videonu publika.az əməkdaşı çəkib paylaşmışdı. Xəbərdə qeyd edilmişdi ki, insanlar paketlərdə olan zibilləri yerə atıb və heç bir təmizlik işləri də aparılmır: “Stansiyanın keçidində antisanitariya hökm sürür. Bir neçə gündən sonra siçovullar qida axtarışı üçün keçidə basqın etsə, təəccüblənmərik”.
Məsələ ilə bağlı açıqlama verən “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov isə bildirib ki, həmin ərazi "Bakı Metropoliteni”nin tabeliyində deyil:
“Bakı Metropoliteni”nin orada hər hansı işlərlə məşğul olma səlahiyyəti yoxdur. Ümumiyyətlə, "Bakı Metropoliteni"ndə təmizlik işinin necə təşkil olunması, kim tərəfindən yerinə yetirilməsi, işlərin normativlərə bölünmə prinsipi və digər məsələlərlə bağlı hər hansı bir məlumat "Bakı Metropoliteni”nin səlahiyyətində deyil”.
Sağlam Cəmiyyət Hərəkatının sədri, sosioloq Elçin Bayramlı "Sherg.az"a açıqlamasında bildirib ki, belə biabırçı vəziyyət təkcə metro keçidlərində yox, hər yerdə müşahidə olunur:
“Parklarda, dayanacaqlarda və digər ictimai yerlərdə zibil qutularının boş, ətrafının isə plastik su qabları, polietilen torbalar, qida artıqları, siqaret kötükləri və digər zibillərlə dolu olduğunu görürük. Təcrübə də göstərir ki, bu sahədəki problemləri maarifləndirmə yolu ilə aradan qaldırmaq mümkün deyil. Bu metod artıq effekt vermir. Bizim kimi cəmiyyətlərdə bütün problemlərin yeganə həll yolu sərt cəza və cərimələrin tətbiqidir. Əlac ona qalıb ki, hər yerə müşahidə kamerası və ya nəzarətçilər yerləşdirək, zibili yerə atanların kimliyini müəyyənləşdirib, cərimələyək. Fikir verirsinizsə, kameralar olan yerlərdə bu cür özbaşınalıqlar digər yerlərə nisbətən daha az müşahidə edilir. Bizim insanların sosial məsuliyət və mədəniyyət səviyyəsini nəzərə alanda görürük ki, ətrafı zibilləyən, eləcə də zibil qablarından düzgün istifadə etməyən şəxsləri cətimələməkdən başqa yolumuz qalmayıb”.
E.Bayramlının sözlərinə görə, dünyada nümunəvi ölkə kimi bilinən dövlətlərin əksəriyyətində problem bu cür həll olunur. Avropa ölkələrində bu kimi qayda pozuntularına görə yüksək cərimələr var:
“Eyni zamanda da ictimai nəzarət prinsipi tətbiq edilir. Müşahidə kameralarından əlavə vətəndaşlar bir-birinə nəzarət edir, iradlarını bildirir. Bizim cəmiyyətdə isə küçəyə zibil atanların yanından sakitcə keçir, “az aşım, ağrımaz başım” prinsipi ilə susmağa üstünlük verir. Almaniya kimi ölkələrdə isə insanlar ictimai qaydaları pozan insanlara qarşı mübarizə aparır. Yerə zibil atan birini ya polisə şikayət edir, ya da səs-küy salıb ictimai qınaq hədəfinə çevirirlər. Bizim cəmiyyət isə qanunlara, qaydalara riayət etməkdə maraqlı deyil. Hər cür tullantıya uyğun zibil qutuları ayrılsa da, onlara məhəl qoyan yoxdur, bütün növ zibilləri eyni yerə atırlar, hətta zibil qablarının yaxınlığında yerə atırlar. Dünyanın heç yerində belə biabırçılıq yoxdur. Deməli, insanlara ətrafa zibil ataraq xəstəliklərin yayılmasına səbəb olduğunu ancaq hüquqi-qanuni yolla başa salmaq lazımdır. İnsanları pul cəriməsi qorxudur deyə qayda-qanunlara riayət etməyə məcbur olurlar”.