Səudiyyə Ərəbistanı Futbol Çempionatı 2024/25 mövsümü üçün qısa video platforması "TikTok" ilə əməkdaşlıq barədə razılığa gəlib.
Bakıvaxtı.az "BBC"yə istinadən xəbər verir ki, "TikTok" Səudiyyə Liqası üçün tətbiqdə xüsusi bölmə yaradacaq.
Burada azarkeşlər çempionatın klubları və tərəfdaşlarının məzmununu əldə edə biləcəklər. Bu innovativ və interaktiv üsullarla azarkeşlərin sevimli komandalarına və oyunçularına yaxınlaşacağı vəd olunur.
Platformada məşq və hətta matçları izləmək mümkün olacaq. "TikTok" həmçinin liqanın platformada rəqəmsal mövcudluğunu gücləndirmək üçün daimi "SaudiLeague" həştəqini işə salacaq. Həmçinin "TikTok"da pərəstişkarlarına liqa, klublar və oyunçular haqqında, pərdəarxası kadrlardan tutmuş müsahibələrə qədər unikal məlumatlar təqdim ediləcək.
"Pro League"in baş direktoru Ömər Muqarbel bildirib ki, "TikTok" ilə əməkdaşlıq idman əyləncəsinin gələcəyində strateji sıçrayışı təmsil edir. Bu, rəqəmsal inqilabdır.
"TikTok"un 2023-cü il hesabatı futbol (+86%), voleybol (+116%), basketbol (+92%), reqbi (+91%) və kriket (+128%) kimi mövzular üzrə video baxışların əhəmiyyətli dərəcədə artdığını göstərir. 2024-cü ilin sentyabr ayının əvvəlinə olan məlumata görə, Səudiyyə Ərəbistanı Çempionatı "TikTok" hesabında 44,2 milyondan çox bəyənmə və 2,5 milyon izləyici var.
Qeyd edək ki, 700 milyard dollar sərvətə malik olan Səudiyyə Dövlət Fondu 2034-cü ildə dünya çempionatına ev sahibliyi etməyə hazırlaşır.
Gülşən Şərif