“Abzas Media işi” üzrə ibtidai istintaqın başa çatdığı bildirilir. Bu barədə vəkil Zibeyda Sadıqova məlumat verib.
Onun sözlərinə görə, bu gün, sentyabrın 9-da istintaq orqanı yekun protokolu elan edib.
Vəkil qeyd edib ki, jurnalistlər Cinayət Məcəlləsinin 7 maddəsi üzrə ittiham olunur:
“192.3.2-ci, 193-1.3.1-ci, 193-1.3.2-ci, 206.4-cü, 320.1-ci ,320.2-ci və 213.2.1-ci maddələri ilə ( külli miqdarda gəlirlə qanunsuz sahibkarlıq, mütəşəkkil dəstənin cinayət yolu ilə əldə etdiyi xeyli miqdarda pulu leqallaşdırma, mütəşəkkil dəstənin qaçaqmalçılığı, sənəd saxtalaşdırma… və mütəşəkkil dəstə halında vergidən yayınma) ittiham verilib”.
Z. Sadıqova qeyd edib ki, növbəti mərhələdə vəkillər işin materialları ilə tanış olacaqlar: “Cinayət işi 20 cilddən ibarətdir”. Daha sonra iş baxılması üçün məhkəməyə göndərilməlidir.
Hələlik, işlə bağlı istintaq qurumu olan Daxili İşlər Nazirliyi ilə isə danışmaq mümkün olmayıb.
“Abzas Media” nəşrinin direktoru Ülvi Həsənli, əməkdaşı Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı jurnalistlər Hafiz Babalı, Nərgiz Absalamova, Elnarə Qasımova və iqtisadçı Fərid Mehralızadə bu iş üzrə təqsirləndirilən şəxslərdir.