AZ

Şəhid jurnalistlərin xatirəsinə üçüncü futbol turniri keçiriləcək

18 Oktyabr - Azərbaycan Dövlət Müstəqilliyinin Bərpası Günü və 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycanın şəhid jurnalistlərinin xatirəsinə həvəskar komandalar arasında 3-cü ənənəvi futbol turniri təşkil olunacaq. SİA xəbər verir ki, AFFA tərəfindən təsdiqlənmiş Azərbaycanın şəhid jurnalistlərinin xatirəsinə Həvəskar Komandalardan ibarət Ənənəvi Minifutbol Turnirinin Əsasnaməsinə əsasən, Rakus.az saytının təşkilatçılığı, milli assosiasiya və Bakı Tennis Akademiyasının dəstəyi ilə keçiriləcək turnirin püşkatma mərasimi baş tutub.

Şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasından sonra turnir barədə məlumat verilib, qaydalar elan edilib.

İldə bir dəfə təşkil olunan turnirdə bu dəfə 12 komanda mübarizə aparacaq.

Sonra Təşkilat Komitəsinin üzvləri və komandaların nümayəndələrinin iştirakı ilə keçirilən püşkatmada qruplar və oyunların təqvimi müəyyənləşib:

A qrupu: "Turan", "Report", "Veteranlar";

B qrup: "Gənclər" (Baku TV), "Qoşabulaq", "Baku. WS";

C qrupu: AZƏRTAC, "Ardanış", "Zəfər 44";

D qrupu: "Göyçə", "Nərimanlı", AzTV

İştirakçı komandaların nümayəndələri və kapitanları turnirin əhəmiyyətindən danışıb, fikir və təkliflərini bildirib, iştirakçılara uğurlar arzulayıblar.

İldə bir dəfə təşkil olunan turnirin iştirakçıları arasında 44 günlük Vətən müharibəsi zamanı ön cəbhələrdən şəhid həmkarları kimi operativ xəbərlər, reportajlar hazırlayan jurnalist komandalar da olacaq. Komandalar özlərinin idman geyimləri və loqosu ilə təmsil olunacaq. Komandanın ad seçməsi sərbəstdir.

Qruplar üzrə dairəvi sistemlə keçiriləcək mübarizə nəticəsində qrupda xal və top hesabına görə 1 və 2-ci yeri tutan komandalar 1/4 finala yüksələcək. Bu qruplarda 8 komandadan qalib gələn 4 kollektiv yarımfinala vəsiqə qazanacaq. 1/2-də A1-in qalibi C2-nin qalibi ilə, D2-nin qalibi ilə B1-in qalibi görüşəcək. Qruplar üzrə qalib komandalar finalda, məğlublar isə 3-cü yer uğrunda qarşılaşacaqlar.

Turnirin razılaşdırılmış qaydasına əsasən, qarşılaşmalar hər biri 25 dəqiqə olmaqla iki hissədən ibarətdir. Yarımfinal və final oyunları zamanı əsas vaxtda qalib müəyyənləşməzsə, penaltilər seriyası olacaq.

Bakı Tennis Akademiyasının stadionunda keçiriləcək oyunları AFFA-nın hakimləri idarə edəcək.

Xatirə turnirində qalib komandalara, eləcə də "ən yaxşı oyunçu", "ən çox qol vuran", "nümunəvi komanda" və başqa nominasiyalar üzrə kubok, medal və hədiyyələr nəzərdə tutulub. Komandaların heyətində yarış başa çatanadək heç bir dəyişiklik edilməyəcək. Oyunçuların yaş hədləri sərbəstdir. Lakin peşəkar futbolçuların iştirakı qadağandır.

Ənənəvi futbol turnirinə informasiya dəstəyini AZƏRTAC, AzTV, "Report" İnformasiya Agentliyi, Baku TV, "Rakus.az" və "Manşet.az" saytları verəcək.

Turnirin məqsədi Birinci və İkinci Qarabağ savaşında canlarını fəda etmiş mərd mübarizlərin xatirəsini anmaq, 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaq, şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun timsalında erməni terrorunun qurbanı olan media nümayəndələrimizin öz peşələrindən əlavə, idmana olan marağını gənclərə aşılamaq, yeni nəslin sağlam ruhda vətənpərvər böyüməsinə töhfə verməkdir.

I turun oyun təqvimi

14 sentyabr

A qrupu

Saat 19:00. "Report - "Veteranlar"

B qrupu

Saat 20:00. "Gənclə" (Baku Tv) - "Qoşabulaq"

15 sentyabr

C qrupu

Saat 19:00. AZƏRTAC - "Ardanış"

D qrupu

Saat 20:00. "Göyçə" - "Nərimanlı"

Qeyd edək ki, turnir sentyabrın 14-dən oktyabrın 18-dək davam edəcək.

Seçilən
39
10
sesqazeti.az

7Mənbələr