Qanunsuz azadlıqdan məhrumetmə və hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Rasim Əliyev, Xanlar Əliyev və İmaməddin Səfərovun (hər üçünün soyadı şərti) barəsindəki qərardan yenidən kassasiya şikayəti verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Tahir Kazımovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin vaxtı hələlik açıqlanmayıb.
İttihama görə, Rasim Əliyev, Xanlar Əliyev və İmaməddin Səfərov istintaqla müəyyən edilməyən digər iki şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında, Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF Park” yaşayış kompleksində ailəsi ilə birlikdə kirayədə yaşayan Yevlax rayon sakini zərərçəkmiş Ceyhun Fərhadovun (şərti) narkotik vasitələrin əldə edilməsi və satışı ilə bağlı qanunsuz fəaliyyətlə məşğul olması barədə məlumat əldə edib. Belə ki, Rasim Ceyhunu aldatma yolu ilə görüşə, oradan isə özünün kirayədə yaşadığı “AAAF Park”dakı mənzilə dəvət edib. Həmin şəxslər özlərinin daim narkotik və psixotrop maddələrin əldə edilməsi üçün tələb olunan, eləcə də digər xərclərini qarşılamaq üçün zərərçəkmişdən narkotikin qanunsuz dövriyyəsi ilə bağlı fəaliyyətlə sərbəst şəkildə, onlar tərəfindən heç bir maneə yaradılmadan məşğul olmasına “icazə verilməsi” müqabilində qeyd olunan qanunsuz fəaliyyətdən əldə etdiyi gəlirin bir hissəsini müntəzəm olaraq onlara verilməsini, eyni zamanda onları da müxtəlif narkotik və psixotrop maddələrlə təmin etməsini deyiblər. Daha sonra Rasim Əliyev, Xanlar Əliyev və İmaməddin Səfərov 23 avqust 2020-ci il tarixdə, gecə saat 04 radələrində Ceyhun Fərhadovun kirayədə yaşadığı yaşayış binasının həyətinə gəliblər. Rasim Əliyev telefonla zərərçəkmiş zəng edərək onu həyətə çağırıb, aldatma yolu ilə yaşadığı mənzilə dəvət edib. Onlar orada 8 saat 20 dəqiqə müddətində zərərçəkmişi adam oğurluğu ilə bağlı olmayan qanunsuz olaraq azadlıqdan məhrum ediblər. Bu müddətdə həmin şəxslər və qrupun istintaqla müəyyən edilməyən digər üzvləri ilə razılaşdıqları kimi məqsədlərinə çatmaqdan ötrü zərərçəkmişə zor tətbiq ediblər. Belə ki, onlar Ceyhunu döyərək onun qabırğalarını qırıblar. Daha sonra həmin şəxslər zərərçəkmişdən 3 000 manat pulu hədə-qorxu ilə tələb edib. Tələb edilən məbləği verməyəcəyi halda onun yaxın qohumlarına qarşı da zor göstəriləcəyi ilə Ceyhunu hədələyiblər. Bundan sonra, zərərçəkmiş tələb olunan pulun 1 000 manatını həmin gün, digər hissəsini isə sonrakı vaxtlarda verəcəyi barədə qrupun üzvləri ilə razılığa gəlib. Həmin gün arvadına zəng edərək yalandan hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulduğunu və buraxılması üçün 1 000 manat pul lazım olduğunu deyib. Pulu isə oğlu gətirərək Rasimə verib. Zərərçəkmiş 14 sentyabr 2020-ci il tarixdə kəskin mədə-bağırsaq qanaxmasından Yevlax Rayon Mərkəzi Xəstəxanasında ölüb. Həmin şəxslər tələb etdikləri pulun qalan hissəsini ala bilməyiblər.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rasim Əliyev 13 il, Xanlar Əliyev 8 il və İmaməddin Səfərov isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən, birinci instansiya məhkəməsinin hökmü Rasim Əliyevə münasibətdə dəyişdirilib. Onun 13 il müddətinə azadlıqdan məhrumetmə cəzası 11 il 6 aya endirilib. Təqsirləndirilən şəxs barəsində məcburi ambulatoriya müşahidəsi altında olması və psixiatr tərəfindən müalicə edilməsi məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunub. Hökm qalan hissədə apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılıb. Digər şəxslərin isə apellyasiya şikayətləri təmin edilməyib. Ali Məhkəmədə onların şikayətini təmin etməyib.
Qeyd: Rasim Əliyev “Biləcərili Rasim” və “Tayson” ləqəbi ilə tanınır.
Kamal Məmmədov