AZ

Orta aylıq muzdlu işçi sayı necə müəyyən edilir?

Avqust ayına qədər mənim heç bir fəaliyyətim olmayıb. Avqust ayının sonunda elektron qaimə-faktura ilə xidmət göstərmişəm, gəlirimin 100%-i qaimə ilə olduğu üçün gəlir vergisi ödəyicisiyəm. Sentyabr ayında 3 nəfər işçi qəbul edəcəm. Bu halda ilin sonunda avqustda satış etdiyim elektron qaimə-fakturaya görə 75%-lik güzəştdən yararlana biləcəm?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1033-VIQD nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, bu dəyişikliklər 2024-cü il yanvarın 1-dən qüvvəyə minib.

Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinə əsasən, müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75 faizinə güzəşt tətbiq edilir.

Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir.

Vergi ödəyicisi vergi güzəştinin tətbiqi məqsədilə bu maddədə müəyyən edilən şərtlərə cavab vermədikdə və növbəti hesabat ilində mikro sahibkarlıq subyektindən digər kateqoriya sahibkarlıq subyektinə keçdikdəhüquqi şəxsin mikro sahibkar olduğu əvvəlki 3 təqvim ilinin yekunlarına görə hesablanmış və ödənilmiş gəlir vergisinin 75 faizi həcmində vergi güzəşti müəyyən edilməklə digər sahibkarlıq subyekti olduğu dövrlərdə mənfəət vergisi öhdəliyindən çıxılır.

Vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda bu maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq edilmir.

Sorğuya cavab olaraq bildirilir ki, Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20-ci maddələrinin tətbiqi baxımından orta aylıq muzdlu işçi sayı faktiki fəaliyyət göstərilən dövrə uyğun müəyyən edilir.

Seçilən
55
3
vergiler.az

4Mənbələr